Bakıda orta məktəb direktorunun şok əməlləri — TƏFƏRRÜAT


KRİMİNAL 09 dek 2020, 11:13
Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Cavad Səfərov 28 avqust 2014-cü ildən 1 sentyabr 2016-cı il tarixədək olan dövrdə F.Bayramov adına 22 saylı tam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edib. 

O, xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli, 16-4/3 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 4 aprel 1997-ci il tarixdə qeydiyyata alınmış "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na, həmçinin "Ümumitəhsil məktəblərində məktəbəhazırlıq qrupları şəbəkəsinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.10.2015-ci il tarixli, 1020 saylı əmrinə əsasən məktəbin fəaliyyətini idarə etməli, məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlamalı dövlət və ictimai orqanlarda müəssisənin marağını təmsil etməli, bundan əlavə 2015-2016-cı dərs ilində Bakı şəhərində seçilmiş pilot ümumitəhsil məktəblərində valideynlərin könüllülüyü əsasında ödənişli məktəbəhazırlıq qruplarının təşkil olunması və həmin siyahıda direktoru olduğu 22 saylı tam orta məktəbin nəzərdə tutulmamasına baxmayaraq, həmin tələbləri yerinə yetirməyib.

Cavad Səfərov öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib. O, Bakı şəhər sakinləri Əbdülov Orxan Rəfael oğlundan 160 manat, Əhmədov Elşən Əzizalı oğlundan 320 manat, Qəribov Yusif Camal oğlundan 320 manat, Əliyev Namiq Nazim oğlundan 320 manat, Abasov Əsəd Şükür oğlundan 320 manat, Abasov Maqami Şükür oğlundan 320 manat, Yaqubov Ramin Zöhrab oğlundan 160 manat, İmaməliyev Məhəmməd Alı oğlundan 240 manat, Əsgərov Azər Şirməmməd oğlundan 240 manat, Məmmədov Mehman Fərhad oğlundan 320 manat, Əliyev Azad Allahverdi oğlundan 320 manat, Əliyev Səfərəli Zəki oğlundan 320 manat və Qafarov Ayaz Novruz oğlundan 320 manat məbləğində pulun alınmasını təşkil edib.

Cavad Səfərov onların 6 yaşı tamam olmuş uşaqlarının direktoru olduğu orta məktəbdə təşkil olunmuş ödənişli məktəbəqədər hazırlıq qruplarında oxumalarını və bununla da onların həmin orta məktəbin 1-ci sinfində hazırlıqlı şagird kimi oxumalarını təşkil edəcəyini bildirib. O, 2015-2016-cı illərdə yuxarıda adları qeyd edilən şəxslərdən ümumilikdə 3680 manat pul alıb, həmin vəsaitdən 960 manatını orta məktəbin müəllimləri Almuradova Aynur Zəki qızına, 240 manatını Baxşıyeva Səlimə Kento qızına, 600 manatını Rəhimova Səyyarə Gürşad qızına verib, qalan 1880 manat pulu isə özünə götürüb.

Bundan əlavə, Cavad Səfərov həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə, 2015-ci ilin oktyabr ayından 2016-cı ilin may ayına kimi olan dövrdə Bakı şəhər sakini Əsgərov Rəşad Şirməmməd oğlunun 5 yaşlı övladı Nuray Əsgərlinin direktoru olduğu orta məktəb üzrə guya təşkil olunmuş ödənişli məktəbəhazırlıq qruplarında təhsil alıb, xüsusi istedada malik uşaq kimi müsahibəsiz olaraq 1-ci sinifə qəbul olmasını təşkil edəcəyini vəd edib. O, Rəşad Əsgərovdan 240 manat alıb.

Cavad Səfərov eyni niyyətlə təkrarən Bağırov Tərlan Bağır oğlunun 5 yaşlı övladı Fatimə Bağırzadənin həmin məktəbəhazırlıq qruplarında təhsil alıb xüsusi istedada malik uşaq kimi müsahibəsiz olaraq 1-ci sinifə qəbul olmasını təşkil edəcəyini ona vəd edib. Tərlan Bağırovdan 360 manat alıb.

Cavad Səfərov həmin məqsədlə təkrarən Salayev Səməd Fəxrəddin oğlunun 5 yaşlı övladı Alixan Salayevin həmin məktəbəhazırlıq qruplarında təhsil alıb xüsusi istedada malik uşaq kimi müsahibəsiz olaraq 1-ci sinifə qəbul olmasını təşkil edəcəyini ona vəd edib, 360 manat pulun alınmasını təşkil edib.



Cavad Səfərov yuxarıda adları qeyd olunan uşaqların guya Naxıçvan Muxtar Respublikasının Şərur rayonunun Ş.İ.Xətai adına Dan yeri kənd tam orta məktəbin 1-ci sinfində oxumaqla 1 oktyabr 2016-cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonu 22 nömrəli orta məktəbin 1-ci sinfinə köçürülən və həmin məktəbin 1-ci sinfində təhsil alan şagirdlər kimi məzmununa görə rəsmi sənəd hesab olunan və istintaqa məlum olmayan mənbədən əldə olunmuş “şagirdin şəxsi işi barədə” sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib, vəzifə saxtakarlığı törədib.

İstintaq orqanı tərəfindən Cavad Səfərovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Sabunçu rayon Məhkəməsinin hökmü ilə Cavad Səfərov dörd min manat miqdarında cərimə cəzası təyin olunub.

Hökmdən narazı qalan Cavad Səfərovun vəkili apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin barəsində olan hökmün ləğv edilməsini, ona bəraət verilməsini istəyib.

Həmçinin hökmdən narazı qalan prokuror da apelyasiya protesti verib. Prokuror Sabunçu rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, Cavad Səfərovun barəsində olan cəzanın ağırlaşdırılmasını tələb edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Cavad Səfəroun vəkilinin apelysasiya şikayəti təmin olunmayıb.

Prokurorun proresti isə təmin olunub və Sabunçu rayon Məhkəməsinin hökmü ləğv edilib. Yeni hökmə əsasən, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri üzrə cinayət təqibinə xitam verilib.

Cavad Səfərov Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təyin edilmiş az ciddi cəzanın daha ciddi cəza ilə əhatə edilməsi yolu ilə, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, ona cinayətlərinin məcmusu üzrə qəti olaraq iki min manat məbləğində cərimə cəzası təyin edilib.

Bundan sonra Cavad Səfərovun vəkili kasasiya şikayəti verib. O, kasasiya şikayətində müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.

Cavad Səfərovun vəkilinin şikayətinə Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiyada baxılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar verib. Qərara görə, kasasiya şikayəti də təmin olunmayıb.


Fariz Məlikli
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top