Abşeronun Qobu qəsəbəsindəki yeni yaşayış massivinə qaz çəkildi — FOTOLAR


SOSİAL 16 noy 2020, 17:50

Bu gün Abşeron rayonunun Qobu qəsəbəsindəki yeni yaşayış massivində qaz açılışı təmin edilib. 


Demokrat.az xəbər verir ki, açılışda Abşeron rayonunun İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, rayon ictimaiyyətinin nümayəndələri, qaz təsərrüfatının işçiləri, eləcə də qəsəbə sakinləri iştirak ediblər. Əvvəlcə bütün sakinlər Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qələbə münasibətilə hamını təbrik ediblər. Abşeron rayonunun İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu sevinci onlara yaşadan prezident İlham Əliyevə Qobu sakinləri və Abşeron rayonu ictimaiyyəti adından minnətdarlığını bildirib. Qışın yaxınlaşdığını və bununla əlaqədar havaların soyuduğunu xatırladan  İ.Gülməmmədova Qobuluların bundan sonra qazla  əlaqədar problemlərinin olmayacağını vurğulayıb. 


“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev isə qeyd edib ki, ölkədə icra edilən qazlaşma layihələri Azərbaycan prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir və qəbul olunan dövlət proqramları vaxtında reallaşdırılır. 


Qeyd edək ki, qaz açılışına dair tədbir ölkədə koronavirus pandemiyasının yayılmasına dair tətbiq edilən karantin rejiminin tələbləri gözlənilməklə təşkil olunub.


Əlavə olaraq qeyd edək ki, Abşeron rayonunun Qobu qəsəbəsindəki yeni yaşayış massivində 1147 fərdi yaşayış evi qazlaşdırılıb. Ümumi uzunluğu 116 159 metr olan müxtəlif diametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 may 2021, 23:40
Top