Şuşalı “Qrad Zakir”: “Elə gün olurdu ki, 8-10 ton mərmi atırdım” — VİDEO


GÜNDƏM 16 noy 2020, 12:07

Ehtiyatda olan zabit, "Qrad Zakir" ləqəbilə tanınan Zakir Mürsəlov Şuşa şəhərində anadan olub, orada təhsil alıb və birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşub.

 
Müsahibimiz bildirib ki, 1992-ci ilin fevral ayında Xocalının müdafiə olunmasında da iştirak edib: “Kosalar kəndinə hansı yoldan gedəcəyimizi belə bilmirdik. Ancaq Xocalıları tək qoya bilməzdim, 40 mərmi "Qrad"a, 30-nu da "KAMAZ"a yükləyib köməyə getdik. Biz Azərbaycan vətəndaşıyıq. Namusumuzu, qeyrətimizi qorumalıydıq.

 
Elə gün olurdu ki, Şuşadan Xankəndi istiqamətində 8-10 ton mərmi atırdım. Ermənistanın sabiq prezidenti Robert Koçaryan özü dəfərlə deyib ki, “biz Şuşaya hücum etməyə məcbur idik, çünki Şuşadan atılan mərmilər bizi zirzəmilərdən çıxmağa qoymurdu. Başımızı yuduğumuz su ilə paltarımızı yuyurduq. Su dalınca gedə bilmirdik”.


Şuşadan çıxdığımız sonuncu gün 4 ədəd QRAD naryadım qalmışdı. Ermənilər yolu kəsmişdi, camaat Şuşadan çıxa bilmirdi. Maşınla gedə-gedə atırdım. Bu, çox təhlükəli idi, maşın çevrilə bilərdi. Ancaq başqa yolumuz yox idi. Beləliklə, Şuşadan 30-a yaxın maşın çıxardıq.

 
Qrad maşınını Laçına gətirib alay komandirinə təhvil verdim. Uşaqlarımı tapıb yerbəyer edəndən sonra yenidən 816 nömrəli Şuşa özünümüdafiə batalyonuna qayıtdım. Qərargah rəisi idim. Fərrux, Manik, Mehmanə, Baş Güneypəyə, Orta Güneypəyə, Canyarpaq, Gülyarpaq kəndlərinin, Ağdərənin alınmasında iştirak etdim. Sonra həmin batalyonu dağıtdılar. Oradan Beyləqan, Füzuli istiqamətində döyüşə qatıldım. 1994-cü ilin may ayına qədər orada oldum. Sonra yaşımla əlaqədər tərxis edildim.

 
Şuşa ziyarətgahdır, ocaqdır. Yeganə arzum odur ki, Gəncə qapısından gedim, şəhərə baxa-baxa Şuşanın ən hündür yeri olan telemərkəz qülləsinə çıxım və oradan Xankəndinə, Xocalıya, Füzuliyə tamaşa edim. Özüm-özümə deyim ki, mənim də bu torpağın qorunmasında haçansa bir balaca payım olub”.(azvision.az)

 

 

Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top