Xanım Yadigarlı: "Prezident Şuşa deyəndə hönkürüb ağladım"

MÜSAHİBƏ 15 noy 2020, 21:02

"...Çingizin çəkdiyi görüntülərə alovlu gözlərlə baxırdım, onun bu qələbəni görməyini çox istərdim"

 

"Bu bizim ən böyük xoşbəxtliyimizdir. Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Azərbaycan bu gün Qarabağ uğrunda şəhid olan əsgərlərimizin qisasını aldı. Əziz Şuşa, biz evimizə qayıtdıq. Bu gün biz hamımız Qarabağlıyıq. Bu gün hamımızın ürəyi Şuşadadır. Ali Baş Komandanımız, çox yaşa! Azərbaycan əsgəri, çox yaşa!"

 

Bu sözləri "Xəzər" televiziyasının xəbər aparıcısı Xanım Yadigarlı Şuşanın azad olunması xəbərini verərkən deyib və birbaşa yayımda göz yaşlarını saxlaya bilməyib. Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı xalqa müraciətindən sonra birbaşa yayıma keçib. Hər kəsi bu təqdimatı ilə göz yaşlarına boğan Xanım Yadigarlı "Şərq"lə öz sevincini və fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik.

 

- Sentyabrın 27-dən gücləndirilmiş iş rejimində çalışırıq. Cəbhədə baş verənləri saniyəbəsaniyə izləyirik. İnformasiya cəbhəsindəyik və bu səbəbdən hər gün minlərlə insan taleyi haqda məlumat eşidirik. Şəhid xəbərləri çox təsir edir. Hamısı Azərbaycan oğullarıdır. Yayıma hazırlaşarkən Prezident İlham Əliyevin xalqa müraciət edəcəyi ilə bağlı xəbər aldıq. Çox sevindim. “Görəsən hansı rayonu azad etmişik?" sualını özümə dəfələrlə verdim. Xocalını düşündüm, tüklərim biz-biz oldu. Laçın, Şuşa - dedim öz-özümə. Bütün torpaqlarımızın işğaldan azad edildiyini xəyal etdim.  Bu hisslərin ağuşunda studiyaya girdim. Prezident İlham Əliyevin xalqa müraciəti birbaşa yayımlanırdı. Prezident ŞUŞA deyəndə hönkürüb ağladım. Ürəyimdə Allaha dua etdim, şəhidlərimizə rəhmət oxudum. Mən Şuşadan deyiləm. Nə olsun ki?! Mən, biz , hamımız Azərbaycanlıyıq. Və bu torpağın hər daşı torpağı bizə əzizdir. Amma Şuşa mənim , sənin, hamımızın ürəyindəki köz bağlamamış yara idi. O torpaqları görmək uşaqlıq arzumdur. Atam hərbçidir. Oralarda çox olub. İndi də Şuşadadır. Atam Şuşadan danışanda həmişə diqqətlə qulaq asardım, Şuşanı xəyal edərdim.

 

- Bu il iyulun 6-da Prezident İlham Əliyevdən müsahibə alan bir qrup jurnalist sırasında olmusuz. Şuşa xəbərini çatdırmaq qismətiniz olub. Hər ikisi arzun idi, deyilmi?

 

- Buraxılış efirə gedəndə özümü çox sıxdım. Soyuqqanlı insanam. Amma bəlkə də ilk dəfə idi qəhəri boğa bilmədim. Çox dərin adrenalin yaşadım. İnana bilmirdim. İş yoldaşlarımdan dəfələrlə soruşdum ki, "Doğurdan Şuşa azad olunub ? Mən düz eşitdim?" Efirdəki sözləri bədahətən dedim. İçimdən nə gəlirsə onu dedim. O an, xitabım şəhid analarına, şəhid övladlarına, müharibə qazilərinə və atama idi. Efir bitəndən sonra ilk olaraq bir vaxtlar iş yoldaşım olmuş jurnalist həmkarım Günel Şahmalıqızına zəng etdim. Günel Şuşadandır. Onun atası Şahmalı Əliyev Şuşa uğrunda döyüşlərdə şəhid olub. Telefonda təbrikləşdiq, ağladıq.. Sözlə ifadə edilməz hisslər idi. Özümü çox xoşbəxt hiss edirəm. Bu mənim arzum idi. Allaha şükür ki məni bu arzuma qovuşdurdu. Bu il iyulun 6-da Prezident İlham Əliyevdən müsahibə alan bir qrup jurnalist sırasında olmuşam. Bu da mənim arzum idi və çatdım. İndi isə Şuşa xəbərini çatdırmaq qismətim oldu. Xoşbəxtəm. Şükürlüyəm.. Yerə-göyə sığmıram.

 

- O xəbərdən sonra ismarıçlar aldınız? 

 

- Efirdən əvvəl anama zəng etdim "Efirə baxarsan, Prezident xalqa müraciət edəcək" dedim. Atam cəbhədədir. Bir yarım onun yanındadır. Çox istərdim bu xəbərin təqdimatın məndən eşitsin. Amma onun məni izləmək şansı yox idi. Bu xəbəri bir növ atamın mənə baxdığını düşünərək təqdim etdim. O an ürəyimdə Allaha çoxlu dua etdim. Həyatını itirən bütün yaxınlarımın bu xəbəri eşidəndə hansı hissləri keçirə biləcəyini düşündüm. O an ən uzaq və yad insanın belə sevinci sənə doğma gələ bilər. Amma yayımdan sonra hədsiz çox zəng və mesaj aldım. Aralarında “Ayqız mənim anamı niyə ağlatmısan?” kimi müsbət ismarışlar da var idi.
Biz böyük vətən müharibəsi başlayandan istirahətsiz çalışırıq. Cəbhəyə ezam olunan əməkdaşlarımız var. Onlar saatbasaat cəbhədən məlumat verirlər. Hər dəfə Cənab Prezident xalqa müraciət edəndə və ya twitter vasitəsi ilə azad olunan ərazilərinin xəbərini bölüşəndə uşaq kimi sevinirik. Alqış, sevinc, göz yaşı... Hamısı bir-birinə qarışır. Son olaraq Şuşanın xəbərini eşidəndə mən studiyada idim və Prezidentin çıxışı bitəndən 30 saniyə sonra efirə qoşuldum. O an xəbər mərkəzimizdə bütün əməkdaşlar bir ağızdan Azərbaycan himnini ifa edirdilər. Çox qürurlu idilər.

 

- Bəs indi nə arzunuz var?

 

- Hazırda bir arzum var, Qarabağa getmək istəyirəm. O torpağın aurasını duymaq istəyirəm. Bundan əlavə bir jurnalist kimi sənədli film hazırlamaq da istərəm. Bizim dərdimizin miqyası idi Qarabağ. İndi isə sevincimizin sədasıdır. Bu iki hiss arasındakı 30 illik həsrətin xoşbəxt sonsuzluğunun rəsmini çəkmək, o hissləri sözlərə çevirmək hər bir yaradıcı insanın arzusudur.

 

- Sizi düşündürən suallar yəqin çox olub...

 

- Şuşa Azərbaycanın ürəyidir. Mədəniyyət beşiyidir. Mən mədəniyyətə qarşı həssas bir insanam. Təsəvvür edin Azərbaycana dahilər bəxş edən bir torpaqda düşmənin yaşayır , yaradır. Bu çox ağır hissdir. Qəbul etmək olmurdu. Mən həmişə düşünürdüm ki, artıq Şuşada dünyaya göz açan yaradıcı insanların yaşı 50-ni , 60-ı haqlayıb. Bəs sonra? Bu torpaq bir də nə vaxt istedadlı azərbaycanlıları dünyaya gətirəcək? Bu sual məni uzun müddət düşündürüb. Eyni zamanda etnoslara qarşı marağım var. Hər bir bölgənin insanlarını müşahidə edirəm. Üz cizgiləri, danışıq tərzləri, hamısı fərqli, maraqlı eyni zamanda bir xalqı tamamlayandır. Şuşadan xeyli tanışım, yaxınım var. Gözlərindəki kədəri söhbət zamanı duymamaq mümkün deyildi. Onların gözlərindəki qəm heç çəkilmədi. Və o kədərli gözlərə doğan günəşi düşünəndə hissləri cilovlamaq çətindir.

 

-"Ən böyük arzum Qarabağın azad edilməsi xəbərini çatdırmaqdır" demisinizmi?

 

- Bu yaxınlarda verilişlərin birinə qonaq olanda mənə bu sualı verdilər. "Ən böyük arzum Qarabağın azad edilməsi xəbərini çatdırmaqdır" demisinizmi? O an Qarabağ kimi bu arzu da uzaq və gələcək zamanda idi. Mən cavab verdim ki, işğaldan azad olunan Qarabağdan reportaj hazırlamaq istərəm. Çünki mən prosseslərə tək aparıcı yox, eyni zamanda jurnalist gözü ilə yanaşıram. Təqdimatla bərabər yazmaq, yaratmaq da mənim üçün vacibdir. İnşallah tezliklə bu da olar. Sevinirəm ki, Allah mənə və həmkarlarıma azad olunan rayonlarımızın xəbərlərinin təqdimatını nəsib etdi. Həm də ard-arda.


 Çingiz Mustafayev böyük dəyərdir. Allah ona rəhmət etsin. İnşallah ruhu indi şad olar. Mən çox şanslıyam ki, o insanın davamçısı olan ANS-də 5 il çalışmışam. ANS-ə ilk dəfə gələndə 17 yaşım var idi. Çingizin çəkdiyi görüntülərə alovlu gözlərlə baxırdım. O bizim jurnalistikada ən böyük stimulumuz idi. Fəxrdir. Həmişə istəmişəm ki , Çingiz kimi vətənini sevən və qorxmaz olum. Çingiz xarakteri, duruşu, yanaşması, vətən sevərliyi ilə ürəkləri fəth edib. Nur içində yatsın. Onun bu Qələbəni görməyini çox istərdim, çox...

 

- Doğrudur televiziya təsadüfi insanları sevmir?

 

- Bilirsiniz, yaradıcıllıq sərhədsizdir. Ona görə də tv-media sahəsində çalışanlar durmadan öz üzərində çalışmalıdırlar. Yeniliklər olmalıdır, yeni üfüqlər açılmalıdır. Lakin bunların heç birində xarakterimizdən pay verməməliyik. Çünki səmimiyyət vacibdir. Doğrudur televiziya təsadüfi insanları sevmir. Bu səbəbdən peşəkar səviyyədə çalışmaq hədəf olaraq qalır. Mənim hədəflərim tək spiker və ya jurnalistlə sərhədlənmir. Televiziya , radio jurnalistikası sahəsində təcrübi biliklərə ehtiyac var. Ona görə də dərs demək, bilikləri bölüşməyi vacib bilirəm. Arzumdur ki, Azərbaycan media akademiyası təsis edilsin və mən orda dərs deyim. Çünki ali təhsilim də jurnalistikadır. Cəmiyyətə bacardığımız qədər yararlı olmalıyıq.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top