“DAVAM” Ümumrespublika Gənclər Hərəkatı təsis edildi — FOTOLAR

SOSİAL 02 noyabr 2020, 12:55

Bu gün Holiday Inn Oteldə baş tutan brifinqdə bununla bağlı ölkə ictimaiyyətinə məlumat verilib.


Demokrat.az xəbər verir ki, Nihad Allahyarlı, Natiq Mehdiyev, Sara Rəcəbli, Reyhan Camalova, Sabir Rüstəmov, Rəsul Çunayev, Məhəmməd Türkmən və Nərmin Knyazlının təşəbbüsü ilə ərsəyə gələn Təşəbbüs Qrupunun əsas məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və idman siyasətinə yeni və fərqli layihələrlə töhfə vermək, şəbəkələşərək böyümək və ətrafına daha çox gənc toplamaqla ölkəmizdə aparılan islahatlar prosesinə fayda verməkdir.


Təşəbbüs Qrupunun hər bir üzvü Azərbaycan gəncliyini bu hərəkatda bir istiqamət üzrə təmsil edir. Belə ki, Nihad Allahyarlı ictimai-siyasi sahədə fəal olan gənclərimizin, Natiq Mehdiyev ölkəmizin suverenliyi uğrunda canını qurban edən şəhid və qazilərimizin, Sara Rəcəbli sosial sahibkarlıqla məşğul olan gənclərimizin, Reyhan Camalova innovativ ideyalı startupçılarımızın, Sabir Rüstəmov beynəlxalq arenada fəal olan gənclərimizin, Rəsul Çunayev gənc idmançı və çempionlarımızın, Məhəmməd Türkmən gənc jurnalistlərimizin, Nərmin Knyazlı isə sosial mediyada fəal olan bloqerlərimizin təmsilçisidir.


Təşəbbüs Qrupunun üzvləri bəyan etdilər ki, verilən yekdil qərara əsasən “DAVAM”  Ümumrespublika Gənclər Hərəkatına rəhbərlik Nihad Allahyarlıya həvalə edilib. 


Nihad Allahyarlı çıxış edərək göstərilən böyük etimada görə təşəkkür etdi və bildirdi ki, “30 ilə yaxındır torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və məkirli düşmən ötən dövr ərzində olduğu kimi bu gündə mülki əhalini hədəfə alır. Gəncə və Bərdə rayonlarında baş verən terror hadisələri buna bariz nümunədir. Bu gün tariximizin qürurlu səhifəsini yaşayırıq və torpaqlarımız işğaldan azad olunur. Şanlı ordumuz tarixi ədaləti bərpa edir.”


Daha sonra “DAVAM” sədri N.Allahyarlı sözlərinə əlavə edərək, qeyd etdi ki, “Gəncliyin bütün enerjisi ilə həyata keçirilən bu haqq işində, sonuna qədər Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin yanındayıq. İşğaldan azad edilən bütün rayonlarımızda görüləcək quruculuq işlərindən sosial fəaliyyətə qədər hər sahədə könüllü şəkildə Ali Baş Komandanın əmrindəyik. Təkcə paytaxt Bakıda deyil, bütün regionlarda, o cümlədən tarixi Azərbaycan torpaqları olan Qarabağda hərəkatın bölgə ofisləri yaranacaqdır. Qarabağ Azərbaycandır! İLHAMLA DAVAM!”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
Top