Nabrana istirahətə gedən gəncin dəhşətli qətli — Şok təfərrüat

KRİMİNAL 22 okt 2020, 10:54

Xaçmaz rayonunda qətl törətməkdə ittiham olunan 1994-cü il təvəllüdlü Taleh Mürsəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Taleh Mürsəlov ötən ilin avqustun 16-da, saat 22.00-da yaşadığı Xaçmaz rayonunun Dalğalı kəndinin ərazisində yerləşən və fəaliyyət göstərməyən “Orxan” marketin qarşısında olan zaman müvəqqəti olaraq həmin kənddə yaşayan Tərlan İbrahimov ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə edib.


Baş verən mübahisə nəticəsində Taleh Mürsəlov sərxoş olan Tərlan İbrahimovu özündən kənarlaşdırmaq üçün sağ yumruğu ilə bir dəfə vurub, sonuncu yerə yıxıb. Tərlan İbrahimovun yerdən qalxdığını görən Taleh Mürsəlov onu öldürmək qərarına gəlib.


Bu məqsədlə Taleh Mürsəlov marketin qarşısında olan mişar daşını götürüb və Tərlan İbrahimovun başından iki dəfə vurub. Tərlan İbrahimov aldığı xəsarətdən hadisə yerində ölüb.


İstintaq orqanı tərəfindən Taleh Mürsəlovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh Mürsəlov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Tərlan İbrahimov onun qonşusu olub: “Tərlanla aramızda bir qonşu kimi salam-sağolları olub, yaxın münasibətlərimiz olmayıb. Hadisədən əvvəl Tərlanı normal insan kimi tanımışam. Aralarında heç bir ədavət və düşmənçilik olmayıb. Tərlan Bakı şəhər sakini olub, yay aylarında istirahət etmək üçün Dalğalı kəndində olan həyət evində qalıb”.


Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə baş verən günü axşama qədər evdə olub: “Saat 22 radələrində gəzmək üçün çölə çıxdım. Evdən 200 metr aralıda yerləşən fəaliyyət göstərməyən “Orxan” ərzaq mağazasının qarşısında olarkən sərxoş vəziyyətdə olan qonşumuz Tərlanla rastlaşdım. Tərlan kimisə axtardı, məni görüb telefon işığını üzümə tutaraq nəsə soruşmaq istədi. Tərlanın sərxoş vəziyyətdə olduğunu gördüm, ona uzaqlaşması üçün “bilmirəm”, - cavabını verdim. Tərlan məni səbəbsiz yerə söyməyə başladı. Tərlanın “söyüşlərini özünə qaytararaq” söyüş söyməməsini tələb etdim. Tərlan üstümə hücum çəkərək qollarımdan yapışdı. Özümü qorumaq üçün Tərlanı kənarlaşdırmaq istəyən zaman aramızda çəkişmə baş verdi. Dalaşaraq “Orxan” marketin sağ tərəfində olan su arxının yanına yaxınlaşdıq. Tərlanın əl çəkmədiyini görüb sağ yumruğum ilə onun sifət nahiyəsinə bir güclü zərbə vurdum. Zərbədən Tərlan sağ tərəfi üstə yerə yıxıldı. Sonuncunun ayağa qalxmaq istədiyini gördüm, yanımda yerdə olan 25-30 kiloqramlıq mişar daşını götürdüm, var gücüm ilə Tərlanın başına çırpdım.


Taleh Mürsəlov bildirib ki, birinci zərbədən Tərlan İbrahimovun baş nahiyəsindən qan axıb: “Hirsim soyumadığı üçün mişar daşını yenidən qaldıraraq var gücüm ilə qəsdən öldürmək məqsədi ilə Tərlanın baş nahiyəsinə ikinci dəfə vurdum. Tərlanın öldüyünü gördüm və mişar daşını yaxınlıqdakı su kanalına atdım. Bundan sonra yaşadığım evə getdim. Hadisə barədə heç kəsə məlumat vermədim. Evdə əynimdəki ağ rəngli şalvarımın üzərinə Tərlanın qan ləkələrinin düşdüyünü gördüm. Cinayətin izlərini ört-basdır etmək məqsədi ilə həmin şalvarı soyundum, su ilə dolu ləyənin içərisinə atdım. Bir neçə saatdan sonra polis əməkdaşları yaşadığım evə gələrək polis bölməsinə dəvət etdi. Polis bölməsində Tərlanı qəsdən öldürməyimi etiraf etdim”.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Mürsəlov 13 il müddətinə azadlıqdan məhrum edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top