Sosial

Onlayn satılan ayı və maral əti ilə bağlı xəbərdarlıq — Açıqlama

Onlayn satılan ayı və maral əti ilə bağlı xəbərdarlıq — Açıqlama

Bəzən sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda ayı, maral və dovşan ətindən hazırlandığı iddia edilən məhsulların satışı ilə bağlı məlumatlar müzakirələrə səbəb olub. Mənşəyi və baytarlıq nəzarətindən keçib-keçmədiyi məlum olmayan bu məhsulların satışa çıxarılması həm qida təhlükəsizliyi, həm də qanunvericiliyin tələbləri baxımından suallar doğurur. Vəhşi heyvan mənşəli məhsulların istehlakı və satışı ciddi nəzarət altında olmalı, istehlakçılar isə mənşəyi bəlli olmayan qidalardan uzaq durmalıdırlar.

Bu barədə qida mühəndisi və nutrisoloq Fərid Səfərov Demokrat.az-a bildirib ki, ət insan orqanizmi üçün vacib zülal mənbələrindən biridir və düzgün miqdarda istehlak edildiyi halda sağlam qidalanmanın mühüm hissəsini təşkil edir:

“Maral və dovşan ətinin baytarlıq qaydalarına uyğun şəkildə əldə edilməsi, kəsilməsi və saxlanılması şərti ilə istehlakında ciddi problem yoxdur. Lakin ayı əti həm dini baxımdan halal hesab edilmir, həm də vəhşi heyvan olması səbəbindən onun istehlakı məqsədəuyğun sayılmır. Ayı, maral və dovşan ətindən hazırlandığı bildirilən məhsulların satışa çıxarılması ciddi narahatlıq doğurur. Bu heyvanların harada ovlanması, hansı şəraitdə kəsilməsi, emal edilməsi və hətta konservləşdirilərək satışa təqdim olunması barədə heç bir aydın məlumatın olmaması vəziyyəti daha da riskli edir”.

O vurğulayıb ki, belə halların ortaya çıxması nəzarət mexanizmlərində boşluqların mövcudluğunu göstərir:

“Qanunvericiliyin tələblərinə əməl etmədən, mənşəyi məlum olmayan ət məhsullarının satışını təşkil edən şəxslər istehlakçıların sağlamlığını təhlükə altına atırlar. Bu cür qanunsuz fəaliyyətlə məşğul olanlar barəsində ciddi hüquqi tədbirlər görülməli və onların məsuliyyətə cəlb edilməsi təmin olunmalıdır”.

Leyla Turan

D
demokrat.az