Unutqanlıq, diqqət dağınıqlığı və zehni yorğunluq kimi problemlərlə mübarizədə rozmarinin faydalı ola biləcəyi açıqlanıb.
Demokrat.az xəbər verir ki, araşdırmalara görə, bu bitkinin tərkibində olan karnosik turşu beyin hüceyrələrinin qocalma prosesini ləngitməyə və sinir sisteminin fəaliyyətini dəstəkləməyə kömək edir.
Mütəxəssislər qeyd edirlər ki, rozmarin yaddaş və öyrənmə proseslərində mühüm rol oynayan asetilxolin adlı sinir ötürücüsünün parçalanmasını yavaşıda bilər. Bu xüsusiyyət məlumatların daha asan xatırlanmasına və zehni fəaliyyətin yaxşılaşmasına müsbət təsir göstərə bilər.
Bitkinin tərkibindəki 1,8-sineol adlı uçucu maddənin isə diqqətin cəmlənməsinə və konsentrasiyanın artmasına kömək etdiyi bildirilir. Bu səbəbdən rozmarinin qoxusunun belə zehni aktivləşdirə biləcəyi vurğulanır.
Mütəxəssislər rozmarinin gündəlik qidalanmada müxtəlif formalarda istifadə oluna biləcəyini bildirirlər. Onu yeməklərə əlavə etmək, zeytun yağında dəmləmək və ya bitki çayı kimi qəbul etmək tövsiyə olunur.
Maksimum fayda üçün rozmarindən istifadə etməyin 3 praktik yolu:
İsti yeməklər və şorbalar: Ət, toyuq və ya tərəvəz qovurmalarının hazırlanması zamanı içinə 1 çay qaşığı qurudulmuş və ya təzə rozmarin əlavə edərək onun ətirindən faydalanın.
Şəfalı zeytun yağı qarışığı: Bir şüşə təmiz zeytun yağının içinə 2-3 budaq təzə rozmarin əlavə edib qaranlıq yerdə saxlayın. Beləliklə, salatlarınızda istifadə edə biləcəyiniz zehni canlandıran yağ əldə etmiş olacaqsınız.
Zehni canlandıran rozmarinçayı: Gün ərzində qəhvə və ya qara çay əvəzinə 1 çay qaşığı qurudulmuş rozmariniisti suda 5 dəqiqə dəmləyərək zehni yorğunluğunuzu azalda bilərsiniz.
Leyla Demokrat.az

