YapiKredi Müraciət Forması
Dünya

Diri-diri torpağa basdırılmış körpə 11 ay sonra sağ tapıldı

Diri-diri torpağa basdırılmış körpə 11 ay sonra sağ tapıldı

ABŞ-də baş verən uşaq oğurluğu hadisəsi axtarış qruplarını dəhşətə gətirib. Günlərdir xəbər alınmayan 11 aylıq körpənin axtarışı zamanı meşəlik ərazidə torpağa basdırılmış it qəfəsi aşkarlanıb. Qəfəsdən gələn körpə ağlaması səsi isə onun sağ olduğunu üzə çıxarıb.

Demokrat.az "NBC News"a istinadən xəbər verir ki, hadisə Cənubi Karolina ştatında baş verib. Atası Maykl Komer tərəfindən qaçırıldığı bildirilən 11 aylıq Koah Şarpın tapılması üçün polis, Federal Təhqiqatlar Bürosu (FTB) və digər federal qurumların əməkdaşlarının iştirakı ilə genişmiqyaslı axtarış tədbirləri həyata keçirilib.

Leksinqton dairəsinin şerifi Brayan Kun bildirib ki, təxminən 100 nəfərlik axtarış qrupu şübhəli şəxsin evinin yaxınlığındakı meşəlik ərazidə yeni qazılmış torpaq sahəsi aşkarlayıb. Əməkdaşlar ərazidə qazıntı apararkən torpağın altından körpə ağlamasına bənzər səs eşidiblər.

Dərhal həmin istiqamətdə qazıntı işlərini davam etdirən əməkdaşlar dəsmala bükülmüş it qəfəsinin içərisindəki körpəni sağ vəziyyətdə xilas ediblər.

Şerifin sözlərinə görə, körpənin büküldüyü dəsmal qəfəsin ətrafında hava boşluğu yaradıb. Məhz bunun sayəsində onun torpağın altında təxminən 24 saat sağ qala bildiyi ehtimal olunur.

Xəstəxanaya yerləşdirilən Koah Şarpın müalicəsi davam edir və səhhətinin yaxşılaşdığı bildirilir.

Körpənin atası Maykl Komer bazar ertəsi axşamı başqa bir oğurluq ittihamı ilə saxlanılıb. Hazırda hüquq-mühafizə orqanları və rayon prokurorluğu hadisə ilə bağlı ona qarşı əlavə ittihamların irəli sürülməsi məsələsini araşdırır.