Rayonda 2 manat, Bakıda 17 manat — Səbəb nədir?

İQTİSADİYYAT 08 iyun 2026, 15:30
Rayonlarda 1 manat 50 qəpiyə, 2 manata təklif olunan gilas Bakıda dəfələrlə yüksək qiymətə satılır. Hətta, bəzi gilas növləri 17 manata təklif olunur. Bölgələrdə su qiymətinə olan gilas Bakıya gəlib çatanda od tutub yanır. Üstəlik, bəzi marketlər də xarab olan malların ziyanını nəzərə alıb qiyməti qaldırırlar, ortada olan həm malı əkən kəndliyə olur, həm də baha alan alıcıya.

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, son zamanlar bazarlarda gilasın qiymətində müşahidə olunan kəskin artım narazılıq yaradır:

“Bu vəziyyətin yaranmasında bir sıra iqtisadi, iqlim və idarəetmə amilləri rol oynayır. İlk növbədə, 2025-ci ildə ölkənin bir çox bölgəsində iqlim dəyişiklikləri, xüsusilə dolu və aramsız yağışlar gilasın
məhsuldarlığına mənfi təsir göstərib. Məhsul miqdarının azalması təklifin azalmasına, bu da qiymətlərin artmasına səbəb olub. Eyni zamanda, gilas digər meyvələrdən fərqli olaraq daha çox təlabat görür.

Xüsusi günlərdə, evlərdə süfrələrə bəzək kimi qoyulan gilas həm görünüş, həm də dad baxımından fərqləndiyi üçün daha çox alınır. Gilasın yüksək qiymətə satılmasının digər səbəbi isə onun yetişdirilmə prosesinin baha və uzunmüddətli olmasıdır. Ağac əkildikdən sonra ən azı 3-5 il ərzində məhsul verir, bu müddət ərzində isə bağbanlar xeyli xərc çəkməli olurlar. Bu amillər də maya dəyərinə və nəticə etibarilə bazar qiymətinə təsir edir”.

Ekspert əlavə edib ki, digər mühüm məsələ isə kənd təsərrüfatı məhsullarının marketlərdə baha satılmasıdır:

“Məhsullar əvvəlcə fərdi təsərrüfatlardan alınır, daha sonra isə böyük market şəbəkələrinə verilir. Marketlər bu məhsulları yüksək faizlə geri qaytarma və zay olan malların məsuliyyətini üzərinə götürməməklə tədarükçünü çətin vəziyyətdə qoyurlar. Bu isə nə istehsalçı, nə də alıcı üçün sərfəlidir, qazanan marketlər olur".

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top