"Qarabağ"ın "Nyukasl" qarşısında gözlənilməz geri çəkilməsi futbol sferasında "soyuq duş" effekti yaradıb. Çempionlar Liqasının pley-off mərhələsinin gərginliyi altında keçən görüş təkcə hesabda deyil, həm də meydandakı oyun fəlsəfəsində dərin çatların olduğunu nümayiş etdirdi. Təmsilçimizin illərdir formalaşdırdığı hücum ritminin İngiltərə nəhəngi tərəfindən necə boğulması hazırda ən çox müzakirə edilən mövzudur.
Tanınmış idman jurnalisti, “Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, “Qarabağ”ın məğlubiyyəti üzücü məğlubiyyətdir:
"Komandamız öz imkanlarından xeyli aşağı çıxış etdi. Nə kombinasiyalarımız alınırdı, nə hücum həyata keçirə bildik, nə də düzgün oynaya bildik. Yəni, heç bir şey alınmadı. Xüsusilə də birinci hissədə “Qarabağ” özünə bənzəmirdi. Bunun səbəbi, təbii ki, birinci hissədə rəqibin gücündəndir. “Nyukasl” İngiltərə Premyer Liqasının nəhəng komandalarındandır. Böyük komandadır, tarixi və təcrübəsi olan komandadır. Onların bu cür performans nümayiş etdirməsi gözləniləndir. Bizim futbolçuların öz imkanlarından bu qədər aşağı səviyyədə çıxış etmələri mənə təəccüblü gəldi. İstər Medina, istər Yankovic, istər Mate Silva, istər Pedro Bikalio – demək olar ki, bütün futbolçularımız imkanlarından aşağı oynadılar. Bəzən meydançada düzgün pas verməyi bacarmadılar, bəzən topu saxlaya bilmədilər, mövqə səhvlərinə yol verdilər. Bu, Çempionlar Liqasının Pley-off mərhələsində belə bağışlanmazdı. “Nyukasl” da bağışlamadı".
Kənan Məstəliyev bildirib ki, iki komanda arasında səviyyə fərqi var.
"Bu matç göstərdi ki, Azərbaycan təmsilçisi ilə İngiltərə təmsilçisi arasında ciddi səviyyə fərqi mövcuddur və bu fərq özünü açıq şəkildə göstərdi. Futbol sistemimiz daha da inkişaf etdirilməlidir. İnfrastruktur, uşaq futbolu, peşəkarlıq, kadr məsələləri və ölkədəki ümumi problemlər həll olunmalıdır. Futbol təmsilçiliyimiz daha güclü və daha yaxşı olmalıdır. Sistemli şəkildə iş aparılmalı və təkcə “Qarabağ”ın inkişafı deyil, rəqabətə əsaslanan bir yanaşma tətbiq edilməlidir. “Qarabağ” rəqabət mühitində inkişaf edərək uğur qazana bilməlidir. Bu mağlubiyyət konkret bir komandanın yox, sistemdəki problemlərin nəticəsidir" - o qeyd edib.
Qeyd edək ki, ekspertin açıqlamasına görə, Azərbaycan futbolu yalnız sistemli yanaşma və rəqabət mühiti ilə beynəlxalq səviyyəyə yüksələ bilər.
Əfsanə Kamal Demokrat.az


