İdman Özəl

“Qarabağ”ın oyunundakı mərc şirkətinin reklamı ilə bağlı CBC-dən açıqlama

“Qarabağ”ın oyunundakı mərc şirkətinin reklamı ilə bağlı CBC-dən açıqlama

“UEFA-nın reklam siyasəti çərçivəsində stadionlarda nümayiş etdirilən reklamlar vahid standartlara əsasən tənzimlənir. Bu qaydalar həm ödənişli tərəfdaşlıqları, həm də beynəlxalq yayım prinsiplərini əhatə edir. UEFA tərəfindən müəyyən edilmiş bu mexanizm çərçivəsində reklam məzmunu yerli deyil, mərkəzləşdirilmiş qaydada formalaşdırılır”.

Bunu “CBC Sport”un şərhçisi Şəmsəddin Abbasov Demokrat.az-a açıqlamasında deyib. O bildirib ki, "Bet365" şirkətinin reklamının təkcə “Qarabağ” – “Nyukasl” oyunu zamanı deyil, eyni gündə keçirilən digər UEFA oyunlarında və müxtəlif xarici televiziya kanallarının yayımlarında görünməsinin əsas səbəbi həmin şirkətin UEFA-nın rəsmi beynəlxalq partnyoru olmasıdır:

“Bu səbəbdən reklamlar bütün beynəlxalq yayım siqnallarında eyni şəkildə əks olunur. Yerli yayımçı olan “CBC Sport”un bu reklam məzmununa müdaxilə etmək imkanını yoxdur. Beynəlxalq yayım hüquqlarına uyğun olaraq, hansı siqnal ötürülürsə, tamaşaçıya da eyni məzmun təqdim olunur və yayımçı həmin siqnal üzərində dəyişiklik edə bilmir. Bundan əlavə, futbol komandalarının formaları üzərində yerləşdirilən loqolar və reklamların oyunun ayrılmaz tərkib hissəsidir. Yayım zamanı futbolçuların və oyunun göstərilməsi avtomatik olaraq formalar üzərindəki reklamların da ekrana düşməsinə səbəb olur və bu, texniki baxımdan qaçılmazdır. Azərbaycan qanunvericiliyində mərc oyunlarının reklamının qadağan edildiyi aydındır. Lakin bu qadağa yalnız yayımçının reklamı birbaşa özü yerləşdirdiyi hallara şamil edilir. Beynəlxalq yayım siqnalı hazır məhsul kimi alındıqda və ona texniki müdaxilə mümkün olmadıqda, bu vəziyyət qanun pozuntusu hesab edilmir, çünki reklam məzmunu yayımçı tərəfindən formalaşdırılmayıb”.

Xatırladaq ki, ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”ın İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşması təkcə idman mübarizəsi ilə deyil, eyni zamanda yayımlanan reklam görüntüləri ilə də diqqət çəkib. Qarşılaşma zamanı həm stadionda yerləşdirilən reklam lövhələrində, həm də televiziya yayımında “bet365” mərc şirkətinin reklamının açıq şəkildə nümayiş olunduğu müşahidə edilib. Bu hal sosial şəbəkələrdə və ictimaiyyətdə ciddi suallar doğurub.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova