Masallıda “Nadir Ağayev - 90: Elm və idmanın zirvəsi” adlı elmi-praktik konfrans keçirilib (VİDEO/FOTOLAR)

MEDİA 28 oktyabr 2025, 19:00
Masallıda məşhur pəhləvan, yunan-Roma güləşi üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, coğrafiya müəllimi Nadir Yaqub oğlu Ağayevin 90 illik yubileyinə həsr olunmuş “Nadir Ağayev - 90: Elm və idmanın zirvəsi” adlı elmi-praktik konfransı keçirilib.

Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbir Masallı “ASAN Həyat” kompleksinin “Cinema Time” kino zalında gerçəkləşib. Konfransda tanınmış ziyalılar, idman mütəxəssisləri, media nümayəndələri, elm və təhsil işçiləri iştirak ediblər.

Konfrans Ümummilli Lider Heydər Əliyev, Pəhləvan Nadir Ağayev və şəhidlərimizin anımı ilə başlayıb. 

Tədbiri açan Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov bildirib ki, çoxları tərəfindən yalnız pəhləvan kimi tanınan Nadir Ağayev həm də pedaqoji fəaliyyəti və elmi tədqiqatları ilə yüksək nüfuz qazanmış ziyalı olub.

Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb Federal Dairəsi üzrə Güləş Federasiyasının prezidenti, Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, Nadir Ağayev turnirlərinin sponsoru Məşkur Qasımov çıxışında məşqçisi olmuş Nadir müəllimin Azərbaycan idmanının inkişafındakı əvəzsiz rolundan danışıb. 

Beynəlxalq Dərəcəli idman ustası Əli Əliyev isə ustadının yalnız qəhrəman idmançı yetişdirmədiyini, eyni zamanda xarakteri möhkəm, milli ruhlu gənclər formalaşdırdığını söyləyib.

Konfransda Beynəlxalq Dərəcəli Hakim, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Qərib Əliyev də çıxış edərək, onun idmançı və məşqçi kimi fəaliyyətindən danışaraq, güləş öyrətməklə yanaşı, həyat dərsi də verdiyini bildirib. 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının cənub bölgəsi üzrə nümayəndəsi, Azərbaycan Jurnalistləri Birliyinin Masallı rayon təşkilatının sədri Akif Ağayev ustadın həm güləşin, həm də tarix-coğrafiya elminin təbliğində apardığı dəyərli işləri diqqətə çatdırıb.

Tədbir çərçivəsində ustad pəhləvanın həyat və fəaliyyətindən bəhs edən “Pəhləvanın salnaməsi” sənədli filmi nümayiş etdirilib.
Filmin ssenari müəllifi Akif Ağayev, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru isə Faiq Mirzədir. 

Film Nadir Ağayevin zəngin ömür yolunu ekran vasitəsilə geniş auditoriyaya çatdırıb və böyük maraqla qarşılanıb.

Tanınmış rejissor və aktyor Elçin Məmiyev çıxışında filmin hazırlanmasının mənəvi məsuliyyətindən danışaraq vurğulayıb ki, bu ekran əsərində bir pəhləvanın deyil, bütöv bir nəslin formalaşmasında rolu olan maarifçinin ruhu yaşadılıb.

Konfransın sonunda Nadir Ağayevin irsinin təbliğinə verdikləri töhfələrə görə bir sıra şəxslər Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən təltif olunublar.


 






















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 oktyabr 2025, 19:53
28 oktyabr 2025, 19:38
Top