QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır

SİYASƏT 20 oktyabr 2025, 13:23
"Son illər Azərbaycanda vətəndaş cəmiyyəti özünü sözün həqiqi mənasında inkişaf dövrünü yaşayır. İstər yerli, istərsə də beynəlxalq səviyyələrdə qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilən tədbirlər, konfrans və forumlar Azərbaycanda vətəndaş cəmiyyətinin bir institut kimi formalaşması, onun aparıcı qüvvəyə çevrilməsinə öz müsbət təsirini göstərir. Bu mənada bu günlərdə Xankəndində keçirilən Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu da xüsusi əhəmiyyət daşıyır".

Bu fikirləri Newscenter.az-a "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyinin sədri İlham İsmayılov səsləndirib. İctimai birlik sədri deyib ki, belə forumlar ictimai sektorun inkişafı, vətəndaş cəmiyyətinin gücləndirilməsi və müxtəlif sosial problemlərin həllində birgə fəaliyyətin təşviqi baxımından əhəmiyyətlidir.

İlham İsmayılovun sözlərinə görə, QHT-lərin əməkdaşlıq forumları ayrı-ayrı təşkilatların öz fəaliyyət sahələri üzrə təcrübə, bilik və metodologiyalarını paylaşması üçün əlverişli platformadır:

"Bu, onların daha effektiv fəaliyyət göstərməsinə və yeni yanaşmaları mənimsəməsinə şərait yaradır. Digər tərəfdən bu forumlar müxtəlif QHT-lər arasında əməkdaşlıq əlaqələrinin qurulmasına, ortaq layihələrin hazırlanmasına və resursların paylaşılmasına imkan verir. Şəbəkələşmə həm də təşkilatların yerli və beynəlxalq qurumlarla əlaqə qurmasını asanlaşdırır".

ATXƏM sədri deyib ki, QHT-lər vətəndaş cəmiyyətinin əsas sütunlarından biridir:

"Forumlar bu təşkilatların bir araya gələrək daha güclü ictimai təsir gücünə malik olmalarına və dövlət qurumları ilə daha səmərəli dialoq qurmalarına şərait yaradır".

Forumun Xankəndində keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyən İlham İsmayılov bildirib ki, bu həm də vətəndaş cəmiyyətinin işğaldan azad olunmuş ərazilərdə mövcud olan problemləri yaxından öyrənməsi, həmin problemlərin həllində dövlətin müvafiq qurumları ilə birgə əməkdaşlıq çərçivəsində iştirak etməsi baxımından da səmərəlidir:

"Bir sözlə QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün strateji əhəmiyyət kəsb edir. Bu forumlar vətəndaş təşəbbüslərinin koordinasiyasını artırır, sosial innovasiyaların yayılmasına təkan verir və cəmiyyətin problemlərinə daha çevik cavab verilməsinə imkan yaradır".

ATXƏM sədri hesab edir ki, bu kimi forumların artıq beynəlxalq səviyyədə, xüsusilə də Türk dünyası coğrafiyası üzrə keçirilməsi də məqsədəuyğun olardı:

"Düzdür, QHT-lərə Dövlət Dəstəyi Agentliyi artıq Özbəkistanla, Qazaxıstanla buna oxşar tədbirlər təşkil edib və bu istiqamətdə müvafiq sənədlər imzalanıb. Yaxın vaxtlarda Qazaxıstan qeyri-hökumət təşkilatları ilə daha bir mühüm toplantının keçirilməsi nəzərdə tutulur. Əminəm ki, bu əməkdaşlıq imkanları, bu tipli forumlarların digər türk dövlətlərinin vətəndaş cəmiyyəti institutları ilə də keçirilməsi mümkün olacaq və QHT-lər ümumi türk dünyasının problemlərinin həllində koordinasiyalı şəkildə fəaliyyət göstərəcəklər".


Qeyd edək ki, bundan əvvəl də bir neçə əməkdaşlıq forumları keçirilib.

Belə ki, 2025-ci il martın 18-də Heydər Əliyev Mərkəzində AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və ATXƏM İB ilə birgə təşkilatçılığı ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" Forumu keçirilib.

Forum torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla ehtiramla yad etməklə işə başladı. Sonra Dövlət Himni səsləndirilib.

AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qonaqları salamalayaraq türk dünyasının ortaq dəyərlərinin böyük sərvət olduğunu, türkmanların ləyaqətlə öz milli kimliklərini, dilini, mədəniyyətini bu günə qədər qorumağı bacardıqlarını qeyd edib.

İraq parlamentinin Türkmanlar qrupunun sədri Ərşad Rəşad Fəth Allah Əl-Salihi eyni kökdən, eyni dildən, eyni mədəniyyətdən olan türkmanların doğma Azərbaycana olan dərin bağlılığını ifadə edərək türkmanların tarixən üzləşdikləri problemləri konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Milli Məclisin deputatları Fazil Mustafa, Azər Allahverənov, Naqif Həmzəyev çıxış edərək bundan sonra əlaqələrimizin daha da inkişaf etdirilməsi, belə görüşlərin davamlı olaraq keçirilməsi arzusunda olduqlarını bildiriblər.

ATXƏM İB-nin sədri İlham İsmayılovun moderatorluq etdiyi "Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri” panelində uzun illər türkmanların tarixini araşdırmış əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, türkmənlərin tarixi ılə bağlı bəzi məqamları konfrans iştirakçılarının nəzərinə çatdırdı.

Sonra Türkməneli Qadınlar Dərnəyinin Başkanı Fevziyə Hasasu Kərkükdəki türkmanlara məxsus qədim qalanın bərpası ilə bağlı təklif irəli sürdü. "Türkmaneli" qəzetinin baş redaktoru, yazıçı-jurnalist, tarıxçı Necat Kevseroğlu, Türkmənelı Federasiyası Dərnəklərinin sədri Mehmet Tütünçü Türk Dünyasının ortaq görkəmli siması olan Füzulinin Kərkükdə xatirəsinin əbədiləşdirilməsini, abidəsinin qoyulmasını, adına küçə verilməsini və kitabxana açılmasını təklif edibləər.

Panelin sonunda çıxış edənlərin cərgəsinə vaxtilə Azərbaycanda məzun olmuş İraq Türkmanları Həkimlər Dərnəyinin İcra Komitəsinin üzvü Əyad Xalid Ömər Qəttan və Türkman Mühəndislər Birliyinin nümayəndəsi Əmir Məhəmməd Xudhur qatılaraq 18 il əvvəl ATXƏM-in təşəbbüsü ilə Türkmən Tələbələr Birliyini yaratdıqlarını bildirdilər və o vaxtdan milli ideoloji xətt götürərək vətənə qayıdıb təşkilatlandıqlarını və bu günə qədər bu mücadiləni davam etdirdiklərini qeyd etdilər. Eyni zamanda onlar Azərbaycanın Kərkükdə Konsulluğunun və xəstəxana açılmasını məqsədəuyğun hesab etdiklərini vurğulayıblar.

İlham İsmayılovun spikerlərın və çıxışçıların təkliflərinin nəzərə alınmasının, Kərkük türkmənlərinə mədəni Muxtariyyət verilməsinin
Azərbaycan və İraq hökumətlərinə bir xahiş kimi konfrans iştirakçıları adından çatdırılması təklifini Forum iştirakçıları rəğbətlə qarşılayıblar.

"Ortaq Dəyərlər" İB-nin sədri Aqil Camalın moderatorluq etdiyi “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı paneldə Suriya Türkman Dərnəkləri Federasiyasının prezidenti Tarik Sulo Cevizci, Türkman Akademiklər Təşkilatının sədri Nebil Şahin Kifrili, Türkman Həmrəylik Təşkilatının sədri Kurşat Çavuşoğlu, "Əbədi Turan" Kitab Fondunun sədri Esmira Fuad, İraq Türkmanları İnsan Haqqları Dərnəyinin Almaniya üzrə təmsilçisi Qənim Osman çıxış edərək İraq və Suriya türkmanlarının problemlərindən danışdılar və gələcəkdə Türkman QHT-ləri ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunaraq, konkret təkliflər irəli sürülüb.

Sonra qonaqlar İlaxır çərşənbəsini Bakıda keçirib, Novruz şənliklərinə qatıldılar.
Sonda türkman qonaqlar layihənin yekunu olaraq Forumun uğurla başa çatdığını və çox məmnun olduqlarını bildirərək öz vətənlərinə geri dönüblər.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top