Plansız tikili problemi artır: Bakıda maşın saxlamaq üçün yer qalmayıb

GÜNDƏM 08 oktyabr 2025, 14:56
"İllərlə həllini tapmayan bu məsələ artıq Bakı sakinlərini ciddi şəkildə narahat edən əsas problemlərdən birinə çevrilib. Parklanma probleminin kökündə şəhərin planlaşdırılmadan, düşünülmədən tikilməsi dayanır. Uzun müddət ərzində tikintilər sistemsiz şəkildə aparılıb, bir çox hallarda şəhərsalma normaları nəzərə alınmayıb. Binalar parklanma yerləri və uyğun infrastruktur nəzərə alınmadan tikildiyi üçün bu gün paytaxtda vəziyyət xeyli gərgindir".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 

O bildirib ki, hazırda problemi tam şəkildə aradan qaldırmaq çətin görünür:

"Çünki hündürmərtəbəli binalar bir-birinə çox yaxın məsafədə tikilib, bəzi yerlərdə isə yolların genişləndirilməsi artıq mümkün deyil. Nəticədə həm yollar daralıb, həm də parklanma yerləri azalıb. Bu, təkcə sakinlər üçün deyil, həm də orada çalışanlar, qonaqlar və digər şəxslər üçün ciddi narahatlıq yaradır.

Parklanma yerlərinin çatışmazlığı insanları qeyri-qanuni yerlərdə maşın saxlamağa məcbur edir ki, bu da cərimələrə və əlavə narazılığa səbəb olur. Binalarda yaşayanların əksəriyyətinin şəxsi parklanma yeri yoxdur və bu da vəziyyəti daha da çətinləşdirir".

Deputat deyib ki, bəzi güzəştlər nəzərdə tutulsa da, bu kifayət etmir:

"Ən çox parklanma problemi olan ərazilər mühəndis baxımından yenidən qiymətləndirilməli və orada çoxmərtəbəli dayanacaqların tikintisi təşviq olunmalıdır. İş adamlarına bu istiqamətdə təkliflər verilməli, yerli icra hakimiyyətləri isə təşəbbüslərlə çıxış etməlidir.

Kompleks yanaşma vacibdir. Bakı və ətraf ərazilərdə əhali sıxlığı nəzərə alınaraq monitorinqlər keçirilməli, yerli icra orqanları və bələdiyyələr bu prosesə cəlb olunmalıdır. Məsul qurumlar tərəfindən tenderlər elan edilərək, həmin yerlərdə çoxmərtəbəli parklanma sahələrinin tikintisinə şərait yaradılmalıdır.

Əks halda, problem daha da dərinləşəcək. Yeni tikililər davam edir və əgər bu məsələ indi həllini tapmasa, gələcəkdə daha ciddi fəsadlar ortaya çıxacaq. Buna görə də, ictimai fəallar və media qurumları bu mövzunu gündəmdə saxlamalı, ictimailəşdirməli və aidiyyəti qurumların diqqətinə çatdırmalıdır".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top