
İnsanların siqaret çəkmə tarixi çox qədim dövrlərə gedib çıxır. Bu vərdiş hətta minilliklər əvvəl formalaşıb və zamanla dəyişərək bugünki vəziyyətə gəlib. Siqaretin insan sağlamlığına, cəmiyyətə və ətraf mühitə zərərləri həddindən artıq çoxdur. Onun tərkibində 6 mindən çox kimyəvi maddə var və onların təxminən yüzə yaxını zəhərli və təhlükəlidir. Siqaretin tüstüsü ağciyərləri, ürək-damar sistemini və immuniteti zədələyir. Uzunmüddət siqaret çəkən adamda ağciyər xərçəngi, ürək tutması, bronxit və digər ölümcül xəstəliklər yaranır.
Bəs bu xəstəliklərə tutlmamaq üçün, ümumiyyətlə bu zərərli vərdişdən uzaqlaşmaq üçün hansı addımları atmalıyıq? Bu sualın cavabı təqdim etdiyimiz müsahibədə geniş formada izah edilir.
FED.AZ biznes xəbər portalı “Philip Morris International” şirkətinin Cənub və Cənub-Şərqi Asiya, MDB, Yaxın Şərq və Afrika üzrə Elmi fəaliyyət direktoru TOMOKO İida ilə olan müsahibəni təqdim edir.
PMI-nin insan orqanizminə zərəri azaltmaq üçün müxtəlif yolları araşdırdığı məlumdur. Tüstüsüz tütün məhsulları bu zərərin azaldılmasına nə dərəcədə töhfə verib?
-Bəli, PMI tüstüsüz tütün məhsullarının zərərinin azaldılmasına mühüm töhfə vermişdir. İsveç və Yaponiya kimi ölkələrin təcrübəsi göstərir ki, siqaret çəkən böyüklər ənənəvi siqaretdən imtina edib yandırılmayan daha az zərərli alternativlərə keçdikdə, uzunmüddətli dövrdə əhalinin sağlamlıq göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşır.
Məsələn, İsveçdə snus kimi tüstüsüz məhsulların geniş istifadəsi nəticəsində ağciyər xərçəngi də daxil olmaqla siqaretlə bağlı xəstəliklərin nəzərəçarpacaq dərəcədə azalması müşahidə olunub. Eyni qaydada, Yaponiyada qızdırılan tütün məhsullarının tətbiqi siqaret satışlarının və siqaret çəkənlərin sayının kəskin şəkildə azalmasına gətirib çıxarıb.
Əlbəttə, siqaret çəkənlər üçün ən yaxşı seçim siqareti tamamilə tərgitməkdir. Lakin başa düşürük ki, bir çox insan siqareti çəkməyə davam edəcək. Belə olan halda, onlara daha az zərərli alternativlərə çıxış imkanı vermək risklərin azalmasında mühüm rol oynaya bilər. Siqaretdən tamamilə imtina etmək istəməyənlərin bu alternativlərə keçməsi sayəsində qısa müddətdə (3-6 ay) əhalinin sağlamlığı baxımından öskürəyin azalması və tənəffüsün yaxşılaşması kimi real faydalar görünür, əhali səviyyəsində isə 30–40 il ərzində siqaret çəkməklə bağlı xəstəliklərin azaldığını görəcəyik.
Ümid edirik ki, belə nəticələr Azərbaycanda da əldə oluna bilər, bunun üçün yetkin siqaret çəkənlərin tüstüsüz alternativlərə çıxış imkanlarını təmin etmək lazımdır.
Bu məhsullar niyə ənənəvi siqaretlərdən daha az zərərli hesab olunur?
-Çox yaxşı sualdır. Məsələn, siqareti yalnız yandırıb çəkdiyiniz zaman 6000-dən çox kimyəvi maddə əmələ gəlir və onların təxminən yüzə yaxını xüsusilə təhlükəli və zərərli maddələrdir. Hamısı eyni dərəcədə zərərli olmasa da, məhz həmin yüzə yaxın maddə insan sağlamlığı üçün ən böyük risk yaradır. Buna görə biz daha az zərərli alternativ məhsullar hazırlayıb istifadəyə veririk ki, siqareti tərgitməyən və çəkməyə davam edən insanlar ən azı bu alternativlərdən birini seçərək sağlamlıqlarına dəyən zərəri azaltsınlar.
Bundan başqa, artıq biz çoxsaylı kliniki tədqiqatlar aparmağa ehtiyac duymuruq, çünki məhsullar bir çox bazarlarda, o cümlədən sizin ölkənizdə də əlçatandır. Bu gün biz real dünya məlumatları (real-world data) toplayırıq: məhsullarımıza keçid edən insanları uzunmüddətli izləyirik və əhalinin sağlamlıq göstəricilərində hansı dəyişikliklərin baş verdiyini öyrənirik.
Məhz bu yolla bilirik ki, İsveç kimi ölkələrdə siqaretlə bağlı xəstəliklərin səviyyəsi azalır və Yaponiya da tezliklə ona qoşulacaq. Məhsullarımız artıq 97 ölkədə satılır və biz həmin ölkələrdə məhsullarımıza keçən insanların sağlamlıq göstəricilərini izləyərək, əhalinin sağlamlığına real təsiri müşahidə edə bilirik.
Şirkətiniz tütün istehlakının insanlara vurduğu zərəri minimuma endirmək üçün hansı tədqiqatları aparır? Yaxın gələcəkdə yeni həllər gözləyə bilərikmi?
-Ümumiyyətlə, zərərin azaldılmasının iki əsas elementi var. Onilliklərlə aparılan tədqiqatlardan öyrəndiyimiz budur ki, əlbəttə, zərərli kimyəvi maddələrin təsirini azaltmaq vacibdir, lakin biz həm də zərərin azaldılmasının ikinci vacib elementini öyrəndik: siqaret çəkənin həmin məhsulu qəbul etməsi azı kimyəvi zərərin azaldılması qədər önəmlidir.
Məsələn, əgər biz tamamilə risksiz məhsullar hazırlaya bilsək belə, əgər siqaret çəkənlər dad fərqi, istifadə vərdişi və ya digər səbəblərə görə həmin məhsullara keçmək istəməsələr, bu halda əhalinin sağlamlığı baxımından heç bir müsbət təsir olmayacaq.
Araşdırmalardan öyrəndiyimiz odur ki, biz bir tərəfdən mümkün qədər çox zərərli kimyəvi maddələri azaltmalı, digər tərəfdən isə istehlakçıların qəbul edib keçmək istədiyi məhsullar təqdim etməliyik. Bu, diqqətimizi üzərində cəmləşdirdiyimiz iki əsas elementdir.
Məqsədimiz, əlbəttə ki, ilk növbədə sağlamlığa dəyən zərəri azaltmaqdır. Amma ikinci əsas məqsəd odur ki, istehlakçı məhsulu dadına, istifadəsinə və ya digər xüsusiyyətlərinə görə rədd etməsin, əksinə, onu qəbul etsin və keçid etməyə hazır olsun.
Bəzi insanlar deyirlər ki, bu yeni məhsulların dadı əvvəlki siqaretlərdən fərqlidir, “öncədən olduğu kimi ləzzətli deyil”, “qızdırılanda tam eyni effekti vermir”. Onlar soruşurlar: insanlar əvvəlki siqaret təcrübəsini itirməsinlər deyə, siz dad və istifadə baxımından nə edirsiniz? Dadın fərqli olmamasına necə əmin olursunuz və bunun üçün hansı tədbirlər görülür?
-Bu, çox açıq bir sualdır. Əvvəlcə qeyd etmək lazımdır ki, siqaret yanma nəticəsində istifadə olunur, qızdırılan məhsullar isə qızdırma yolu ilə işləyir. Buna görə də dadın tam eyni olması mümkün deyil. Bu, tavada kotleti qızartmaqla, eyni kotleti suda bişirmək arasındakı fərq kimidir — hər ikisi ət olsa da, dadları fərqli olur.
Biz də anlayırıq ki, qızdırılan tütün məhsulları ilə siqaret arasında dad fərqi qaçılmazdır. Amma eyni zamanda istehlakçılar üçün bu fərqi minimuma endirmək üçün çalışırıq. Məhsullarımızı elə hazırlayırıq ki, onların istifadəsi daha rahat və daha məqbul olsun.
Təcrübə göstərir ki, istifadəçi məhsula bir-iki həftə davamlı şəkildə uyğunlaşdıqdan sonra bu fərq artıq o qədər də hiss olunmur. Məhz buna görə də statistik göstəricilərimizə əsasən, siqareti tərgitib qızdırılan məhsullara (məsələn, IQOS-a) keçən insanların təxminən 75%-i həmin məhsuldan istifadə etməyə davam edir və geri siqaretə qayıtmır.
Başqa sözlə, istifadəçilərin təqribən 75%-i siqareti tamamilə atır və yalnız alternativ məhsullardan istifadə edir. Bu da əhalinin sağlamlığı baxımından çox əhəmiyyətli nəticədir.
“Philip Morris”in Tədqiqat və İnkişaf mərkəzlərində tüstüsüz məhsulların sağlamlığa təsiri ilə bağlı hansı mühüm nəticələr əldə olunub?
-Mən bu sualın cavabında elm, şəffaflıq və qəbul edilmənin önəminə toxunacam.
Əslində, bizim komandamızın işi də məhz bundan ibarətdir. Birincisi, bütün məlumatlarımızı və qiymətləndirmələrimizi açıq mənbələrdə dərc edirik, tədqiqat nəticələrimizi tam şəffaf şəkildə bölüşürük ki, hər kəs onlara çıxış əldə edə bilsin.
İkincisi, biz tibbi və elmi ictimaiyyətlə ünsiyyət qururuq və onlardan nəticələrimizi müzakirə etmələrini xahiş edirik. İstəyirik ki, bizim elmi işlərimizə baxsınlar, öz təhlillərini aparsınlar, nəticələrimizin düzgünlüyünü təsdiqləsinlər ki, ümumi bir anlayış və razılaşma yaransın.
Üçüncüsü və ən vacibi isə, maraq artdıqca dövlətin özü müstəqil təhlillər aparır. Bu, ən yaxşı yanaşmadır. Çünki səhiyyə nazirliyi kimi qurumlar mövcud məlumatları incələyərək, obyektiv rəy verə bilər.
Amma burada başqa bir mühüm tərəf də var: bu məhsullar istehlakçı tərəfindən qəbul ediləcəkmi? Əgər insanlar qəbul etməsələr, onda onların sağlamlığa faydası sıfıra bərabər olacaq. Ona görə də məsələ təkcə texnologiyanın hazırlanması və ya məhsulun kimyəvi cəhətdən daha az zərərli olması deyil. Əsas məsələ həm də siqaret çəkənlərin həmin alternativi qəbul etməsidir.
Biz çalışırıq ki, məhsullarımız həm daha az zərərli olsun, həm də insanlar tərəfindən istifadə üçün uyğunlaşsın. Yalnız bu halda tüstüsüz məhsullar siqaretin yerini tutaraq insanların sağlamlığı üçün real fayda verə bilər.
Son elmi nailiyyətlərin tətbiqi ilə tamamilə zərərsiz tütün məhsulu əldə etmək mümkündürmü və bu istiqamətdə işlərin hazırkı vəziyyəti necədir?
-Hal-hazırda üzərində işlədiyimiz məhsullardan biri nikotin kisəcikləridir (nicotine pouch). Bu məhsullar mövcud siqaretsiz alternativlər arasında belə ən az zərərli hesab olunur.
Nikotin kisəciklərinin kimyəvi tərkibinə baxdıqda görürük ki, onlar siqareti tərgitmək üçün istifadə olunan nikotin əvəzləyici terapiyaya (nikotin saqqızı, plastır və s.) olduqca bənzəyir. Yəni burada tütün yoxdur, sadəcə nikotin xüsusi formada ağız boşluğu vasitəsilə qəbul olunur.
Buna görə də ümid edirik ki, siqaretdən imtina etməyən, amma nikotindən istifadəni davam etdirən insanlar üçün nikotin kisəcikləri daha az zərərli alternativ ola bilər və onlar siqaretdən bu məhsullara keçid edərlər.


