Türk Dövlətləri Təşkilatı müdafiə və hərbi əməkdaşlıq istiqamətində ciddi addımlar atır — AÇIQLAMA

GÜNDƏM 06 oktyabr 2025, 17:17
"2009-cu ildə əsası qoyulmuş Türk Dövlətləri Təşkilatının hazırkı fəaliyyət tempinə və istiqamətlərinə baxdıqda demək olar ki, xüsusilə son beş ildə bu təşkilatın fəaliyyətində ciddi inkişaf müşahidə olunur. Əvvəllər təşkilat əsasən diplomatik və protokol xarakterli görüşlər keçirirdisə, son illərdə əməkdaşlıq istiqamətləri əhəmiyyətli dərəcədə genişlənib".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

"Bu gün artıq təşkilatın siyasi, iqtisadi, mədəni, enerji, logistika, eləcə də texnologiyalar və rəqəmsal sahələrdə əməkdaşlıq etdiyi görünür. Bununla yanaşı, müdafiə və hərbi əməkdaşlıq istiqamətində də ciddi irəliləyişlər var".

O bildirib ki, bu gün Qəbələdə keçirilən toplantıda regional sülh və təhlükəsizlik məsələlərinin müzakirə olunması da onu göstərir ki, Türk Dövlətləri Təşkilatı yerləşdiyi regionda təhlükəsizlik məsələlərinə diqqəti artırır və gələcəkdə bu istiqamətdə fəaliyyətin daha səmərəli koordinasiyası ilə bağlı qərarlar qəbul edə bilər:


"Dünyadakı mövcud çağırışları və təşkilatın potensialını nəzərə alaraq demək olar ki, Türk Dövlətləri Təşkilatı bu çağırışlara hazır olmaq üçün öz fəaliyyətini koordinasiya etməli, inteqrasiyanı dərinləşdirməlidir. Gələcək dünya düzənində isə bu təşkilatın qlobal aktorlardan birinə çevrilməsi məqsədəuyğundur".


Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı bu il 16 yaşını qeyd edir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 18:15
Top