XI Bakı Beynəlxalq Kitab Sərgisi indiyədək ən çox xarici iştirakçının olduğu sərgi kimi tarixə düşəcək — FOTOLAR

MƏDƏNİYYƏT 30 sentyabr 2025, 18:11

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr tarixlərində 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək XI Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) ilə bağlı mətbuat konfransı təşkil olunub.

Demokrat.az xəbər verir ki, sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq, mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsindəki rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.

Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova qeyd edib ki, sərgi müasir dünyanın aktual çağırışlarına uyğun olaraq “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr edilib.

Bildirilib ki, bu il sərginin fəxri qonaq ölkəsi Qətər Dövlətidir. Qətər tərəfi sərgiyə dövlət rəsmiləri, tanınmış elm və ədəbiyyat xadimləri, incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti ilə qatılacaq. Sərgi məkanında isə Qətərin zəngin mədəni irsini, çağdaş ədəbiyyatını və bədii incilərini əks etdirən ekspozisiya təqdim olunacaq. 

Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu deyib ki, builki sərgidə 23 ölkədən (Türkiyə, İtaliya, ABŞ, Argentina, İngiltərə, Litva, Qətər, İndoneziya, İspaniya, Çin, Cənubi Koreya və s.) 68 təşkilat və 123 yerli nəşriyyat, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edəcək:  “XI Bakı Beynəlxalq Kitab Sərgisi indiyədək ən çox xarici iştirakçının olduğu sərgi kimi tarixə düşəcək. İspaniya, Küveyt və İndoneziya isə ilk dəfə olaraq sərgidə iştirak edəcək. Sərgi çərçivəsində 7 gün ərzində təqdimat zonalarında, stendlərdə və konfrans otaqlarında 220-dən çox tədbirin keçirilməsi planlaşdırılıb. Burada uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Sərgidə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər”. Qeyd olunub ki, bu il də Mədəniyyət Nazirliyi tərəfindən iştirakçı nəşriyyatlar üçün 6 kvadratmetrədək ekspozisiya sahəsi və lazım olan avadanlıqlar ödənişsiz təmin edilib.”.

Sərginin fəxri yazarları tanınmış şair Rüstəm Behrudi və şair-esseist, tərcüməçi Qismət Rüstəmov da sərgi ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Sərginin iş vaxtı 10:00-dan 20:00.

Sərgiyə giriş ödənişsizdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top