“Zəngəzur dəhlizi "Tramp marşrutu" adı altında fəaliyyətə başlayacaq” — Politoloqdan AÇIQLAMA

GÜNDƏM 26 sentyabr 2025, 20:44
"Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi avqustun 8-i Vaşinqtonda Donald Trampın iştirakı ilə paraflandı. Bundan sonra Azərbaycanın Naxçıvanla birləşməsi üçün Zəngəzur dəhlizi “Tramp marşrutu” adı altında fəaliyyətə başlayacaq. Hesab edirəm ki, bu, bir çox oyunçuları Rusiya və İrandan kənarda qoymuş, Amerika tərəfindən dəstəklənmiş bir addımdır. Bu, Azərbaycan üçün əhəmiyyətlidir və ümumilikdə Cənubi Qafqazda sülhün gəlməsinə, regionun inkişafına səbəb olacaq. Təbii ki, Avropa da bunu dəstəkləyir".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.

O, bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülhün paraflanmasını dəstəkləyəcəklərini açıqlayıblar:

"Nəqliyyat kommunikasiyaları açıldıqdan sonra bölgədə iqtisadi artımların böyük olacağını düşünürəm. Bu, həm Azərbaycanın, həm Türkiyənin, həm də yük daşıyan digər ölkələrin iqtisadi planlarına müsbət təsir edəcək. Məsələn, Ələt limanından daşımaların 2027-ci ildə 25 milyon tona çatdırılması planlaşdırılır və yaxın iki-üç il ərzində bu tam istifadəyə veriləcək. Bu, Orta Asiyadan və Çindən yüklərin Avropaya daşınmasını asanlaşdıracaq. Avropa İttifaqı da bu prosesə ciddi dəstək göstərəcək".

Ekspert bildirib ki, bu vaxtlarda Avropa İttifaqının nümayəndəsi həm Azərbaycanda, həm də Ermənistanda oldu:

"Ermənistana 200 milyon avro, Azərbaycana isə 23 milyon avro yardım ayrıldı. Bu, təbiidir, çünki Azərbaycan güclü iqtisadiyyata malikdir, Ermənistan isə maliyyə baxımından daha çox dəstəyə ehtiyac duyur. Ermənistanın dəstəklənməsinin məqsədi isə onların Rusiyanın təsirinə düşməməsidir".

Politoloqun sözlərinə görə, əgər bu proses bu cür davam edərsə və digər geosiyasi dəyişikliklər baş verməzsə, Cənubi Qafqazda sülh daha da güclənəcək və iqtisadi inkişaf sürətlənəcək:

"Region özünün daha sabit və məhsuldar dövrünü yaşayacaq. Ancaq dünya hazırda çox qarışıqdı və qlobal güc bölgüsü yenidən formalaşır. Ona görə tez nəticə çıxarmaq olmaz, qarşıda hələ gərginliklər ola bilər. Buna görə də hər an ayıq olmalı və ölkəmizi inkişaf etdirməyə davam etməliyik".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sentyabr 2025, 22:20
26 sentyabr 2025, 20:16
Top