Bu müavinətlər artırılır — Ekspertdən AÇIQLAMA

GÜNDƏM 02 sentyabr 2025, 15:31
"Birinci növbədə Prezident təqaüdünün artırılması ilə bağlı qərar verildi. Bildiyiniz kimi, 270 manatdan 350 manata qədər artırılması nəzərdə tutulur. Eyni zamanda tələbələrin təqaüdlərinin artırılması barədə də qərar qüvvəyə minəcək".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.

O, bildirib ki, bundan başqa, akademik sahədə fəaliyyət göstərən alimlərin, doktorantura üzrə çalışan elmi işçilərin əməkhaqlarında da artımlar edilib:

"Bu artımlar gözlənilən idi. Bununla belə, ilin sonuna doğru Azərbaycanda ünvanlı sosial yardımın həcminin müəyyən qədər artacağı gözlənilir".

Ekspert bildirib ki, yaşayış minimumu üzrə də artımlar nəzərdə tutulur:

"Bu isə birbaşa olaraq pensiya təminatına, sosial yardımlara, eləcə də ailə başçısını itirməyə görə verilən ödənişlərə, əlillik müavinətlərinə və digər sosial ödənişlərə şamil edilə bilər:

"Adətən ilin sonunda büdcənin icrası və proqnozları müzakirə olunur, hesabatlar təqdim edilir. Həmin hesabatların əsasında da müəyyən artımlar baş verir.
Bu, artıq ənənəvi xarakter daşıyır və müxtəlif dövrlərdə də müşahidə olunub. Lakin artımların dəqiq məbləğini demək çətindir. Bəzi sahələrdə bu, müəyyən faiz ola bilər, bəzi sahələrdə isə daha az həcmdə artım baş verə bilər".

Onun sözlərinə görə, minimum əməkhaqqı üzrə artım nəzərdə tutulmur:

"Çünki ötən ilin sonunda 2025-ci ilin büdcəsi proqnoz və xərclər bölməsi üzrə təsdiqlənib və Azərbaycanda belə bir təcrübə yoxdur ki, il ərzində ikinci dəfə minimum əməkhaqqının baza hissəsi artırılsın. Böyük ehtimalla, 2025-ci ildə də minimum əməkhaqqının baza hissəsində hər hansı artım olmayacaq".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top