Çox qəbul savadsız diplomlu kütlənin artmasına səbəbdir — Deputat

GÜNDƏM 26 avqust 2025, 16:28
“600 balla qəbul olmayan abituriyentlər üçün narahat olmalı ciddi bir məsələ yoxdur. Hər kəs universitetə qəbul olmaya da bilər və bu, həyatın sonu demək deyil. Həyatda saysız-hesabsız alternativlər var. Mütləq ali təhsil almaqla deyil, yaxşı peşə təhsili ilə də uğurlu karyera qurmaq mümkündür”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, bəzən cəmiyyət içində daha üstün mövqeyə malik olan insanlar məhz hansısa sahənin peşəkar mütəxəssisləridir.

“Əsas məsələ odur ki, hər kəs öz potensialına uyğun istiqamət seçsin. Kimin üçünsə ali təhsil uyğundur, kiminsə isə texniki-peşə istiqamətində daha uğurlu ola bilər. Bu fərqliliyi qəbul etmək lazımdır. Təəssüf ki, bizdə hələ də yalnız universitet oxumaq uğur kimi təqdim olunur. Təhsil sistemimizdə əsas problem kəmiyyətə deyil, keyfiyyətə yetərincə önəm verilməməsidir. Bizə çox sayda tələbə deyil, öyrənən, düşünən, bacarıqlı tələbə lazımdır. Əgər təhsil sistemi zəifdirsə, on minlərlə tələbənin universitetdə olması heç nəyi dəyişməyəcək. Əksinə, savadsız diplomlu kütlənin artmasına səbəb olacaq. Buna görə əsas məktəbin səviyyəsini yaxşılaşdırmaq lazımdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 avqust 2025, 16:29
Top