"Erkən yaşda edilən abortların səbəbi maarifsizlikdir"

GÜNDƏM 19 avqust 2025, 20:06
“Abortların ümumi sayında artım müşahidə olunmasa da, ən həssas qrup olan yeniyetmələr arasında rəqəmlərin yüksəlməsi diqqət doğurur. 15–17 yaş qızlarda abortların çoxalması, əslində, cəmiyyətimiz üçün bir SOS siqnalıdır. Bu, ilk növbədə erkən yaşda münasibətlər, ailə planlaşdırması barədə maarifləndirmənin zəifliyi və valideyn–övlad ünsiyyətindəki boşluqlardan xəbər verir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Sevinc Quliyeva  deyib.

O qeyd edib ki, sosial media və internetdə açıq məzmunun əlçatanlığı, valideyn nəzarətinin yetərli olmaması da gəncləri riskli qərarlar verməyə sürükləyir:

“Nəticədə isə onlar tibbi cəhətdən təhlükəli və psixoloji baxımdan ağır bir proseslə üzləşirlər. Bu tendensiyanın qarşısını almaq üçün ilk addım maarifləndirmədir. Məktəblərdə reproduktiv sağlamlıq mövzuları açıq şəkildə tədris olunmalı, valideynlər övladları ilə bu haqda çəkinmədən danışmağı bacarmalıdır. Erkən nikahların qarşısının alınması, psixoloji dəstək mərkəzlərinin yaradılması və gənclər üçün etibarlı məsləhət xidmətlərinin genişləndirilməsi də vacibdir. Əgər bu istiqamətdə sistemli iş aparılmasa, abort rəqəmlərinin yeniyetmələr arasında artması gələcəkdə həm qadın sağlamlığına, həm də bütövlükdə cəmiyyətin sosial dayanıqlığına ciddi zərbə vura bilər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avqust 2025, 21:43
Top