Dildəki ləkələr bu xəstəliklərin əlamətidir — XƏBƏRDARLIQ

SOSİAL 18 avqust 2025, 14:59
Dildə qəfil yaranan ağ ləkələr, yaralar və ya qabıqlanmalar çox zaman sadə səbəblərlə bağlı olsa da, bəzən böyük təhlükənin xəbərçisi ola bilər. Mütəxəssislər bu əlamətlərin gözardı edilməməsini və mütləq həkimə müraciət olunmasını tövsiyə edirlər.

Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, belə yaralar adətən dilin zədələnməsi, stress, hormonal dəyişikliklər, vitamin çatışmazlığı, virus infeksiyaları və ya ədviyyatlı, turşulu qidalardan qaynaqlanır.

Onlar çox vaxt iki həftə ərzində keçir. Lakin mütəmadi təkrarlayan və ya iki həftədən uzun müddət sağalmayan yaralar ağız xərçənginin göstəricisi ola bilər. Xüsusilə siqaret, tütün və alkoqol istifadəsi bu riski artırır.

Dildə ağ ləkələrin səbəblərindən biri də göbələk infeksiyasıdır. Bu vəziyyət əsasən immun sistemi zəif olan şəxslərdə və ya immuniteti zəiflədən dərman qəbul edənlərdə daha çox rast gəlinir. Mütəxəssislər bildirirlər ki, göbələk əksər hallarda damcı və ya gellərlə müalicə edilə bilir.

Həmçinin, bəzi şəxslərdə “coğrafi dil” deyilən xüsusi hal müşahidə olunur. Dilin ortasında qızartı, kənarlarında isə ağ və ya sarı ləkələrin əmələ gəlməsi ilə xarakterizə olunan bu vəziyyət daha çox ekzema və psoriaz xəstələrində rast gəlinir. Ağız selikli qişasında iltihaba səbəb olan “liken planus” da dildə oxşar əlamətlərlə özünü göstərə bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, dil üzərində yaranan ağ ləkə və qabıqlanmalar ağız sağlamlığına ciddi yanaşılmalı olduğunun göstəricisidir. Erkən diaqnoz sayəsində ağır fəsadların qarşısını almaq və ağız-diş sağlamlığını qorumaq mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top