“Azərbaycan qazının Suriyaya nəqli tarixi hadisədir” — Deputat

GÜNDƏM 02 avqust 2025, 13:00
“Azərbaycan mavi qazının Suriyaya nəqli, Azərbaycan qaz ixracı coğrafiyasının daha da genişlənməsinə gətirib çıxaracaq”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. O bildirib ki, Yaxın Şərqdə post-müharibə dövründən sonra bütövlükdə qaz kəmərlərinin bərpası həyata keçirilir, Suriyaya çatdırılacaq Azərbaycan təbii qazı həm də bərpa olunan kəmərlər vasitəsilə İordaniya və Misirə qədər nəql edilə bilər:

“Praktiki olaraq bu, ondan xəbər verir ki, Azərbaycanın qaz ixracında destinasiyanın genişlənməsi baş verəcək. Azərbaycan artıq yalnız regionun və Avropanın deyil, eyni zamanda Yaxın Şərqin enerji təhlükəsizliyinə töhfə vermək imkanına malik olacaq. Bu, bir tərəfdən Azərbaycanın geosiyasi mövqeyini gücləndirməsinə, digər tərəfdən isə ölkəmizin regional enerji təhlükəsizliyinin formalaşmasındakı rolunun artmasına səbəb olacaq”.

Millət vəkili qeyd edib ki, Azərbaycan yaşıl enerjini Avropa bazarına çıxarmaq niyyətindədir və 2027-ci ildən bunun reallaşması gözlənilir:

“Eyni zamanda, Avropa ilə yanaşı, həm də Yaxın Şərqə elektrik enerjisinin ixrac imkanları var.

Anlaşmalar həm də SOCAR-ın investisiya portfelinin coğrafi baxımdan genişləndirilməsinə səbəb olacaq. Nəzərə alsaq ki, biz son illərdə SOCAR-ın xarici investisiya portfelinin genişləndirilməsi və xarici ölkələrə sərmayə qoyulmasını müşahidə edirik, bu da Azərbaycan dövlət şirkətləri üçün sərmayə qoyuluşu baxımından yeni imkanlar yaradır”.

Deputat son olaraq qeyd edib ki, bütövlükdə, Azərbaycan qazının Suriyaya nəql edilməsi tarixi hadisədir:

“Uzun müddət vətəndaş müharibəsi yaşayan və əsasən dağıdılan Suriya yeni mərhələdə Azərbaycan qazı vasitəsi ilə öz enerji təhlükəsizliyini gücləndirəcək”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 avqust 2025, 17:40
02 avqust 2025, 14:53
Top