Süni intellekt cəmiyyətin qarşısında duran ən ciddi problemdir?

GÜNDƏM 02 avqust 2025, 16:10
“GPT-5 kimi yüksək səviyyəli dil modelləri artıq təkcə sual-cavab vasitəsi yox, həm də məlumat axınına, fikir formalaşmasına və hətta qərarvermə proseslərinə təsir edən mühüm alətlərə çevrilib”.
 
Bunu Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib. 
 
O qeyd edib ki, bu mövzu süni intellektin gələcəyi ilə bağlı cəmiyyətin qarşısında duran ən ciddi suallardandır:
“Süni intellekt texnologiyaları geniş miqyasda tətbiq olunduqca, bir neçə təhlükə ön plana çıxır. Birincisi, dezinformasiya və manipulyasiya riskidir. GPT-5 kimi modellər istənilən dildə və formatda inandırıcı, lakin yalan məlumatlar yarada bilər. Bu da ictimai rəyə təsir etmək, seçkilərə müdaxilə və ya sosial sabitliyi pozmaq üçün istifadə edilə bilər. İkincisi, süni intellektin “avtomatlaşdırılmış qərarvermə” sahəsindəki rolu ciddi etik dilemmlər doğurur. Məsələn, səhiyyə, hüquq və ya təhlükəsizlik sahələrində verilən qərarlarda insan nəzarətindən çıxmış AI sistemlərinin səhv qərar verməsi real və təhlükəli nəticələr doğura bilər”.
Mütəxəssis əlavə edib ki, hazırda bu texnologiyalara qlobal səviyyədə hüquqi və etik nəzarətin olmaması da əlavə risk yaradır:
 
“İnkişaf edən ölkələrlə yanaşı, daha zəif tənzimləmə mexanizminə malik ölkələrdə bu texnologiyanın sui-istifadəsi mümkündür. Kiberhücumlar, saxta video və səs yazıları (deepfake), psixoloji manipulyasiya və sosial mühəndislik texnikaları süni intellektlə daha da təkmilləşə bilər. Bunun qarşısını almaq üçün beynəlxalq əməkdaşlığa, süni intellektin etik və hüquqi tənzimlənməsinə, şəffaflıq və məsuliyyət mexanizmlərinin qurulmasına ehtiyac var. Gələcəkdə texnologiyanın bəşəriyyətə fayda verməsi üçün inkişafla yanaşı nəzarət mexanizmlərinin də inkişaf etdirilməsi vacibdir. Yəni süni intellekt yalnız texniki yox, həm də sosial məsuliyyət məsələsidir”.
 
Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 avqust 2025, 17:40
02 avqust 2025, 14:53
Top