"Təqribən 500 hektara qədər yaşıllıq sahələri planlaşdırılır" — AÇIQLAMA

GÜNDƏM 01 avqust 2025, 19:52
"Bakı şəhərinin Baş Planı 2040 qəbul olunub. Həmin plana uyğun olaraq Bakı şəhərində yaşıllaşdırma, yaşıllıq sahələrinin artırılması, eyni zamanda binaların normativlərə uyğun şəkildə salınması, istismarı artıq mümkün olmayan qəzalı binaların sökülməsi nəzərdə tutulub".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Oruc deyib. 

"İstirahət məkanlarının salınması ilə bağlı bir sıra addımlar atılır. Həm keçmiş Sovetski adlanan ərazidə, həm də digər müvafiq ərazilərdə baş plana uyğun olaraq yeni parkların salınması istiqamətində addımlar atılır. Hansı sahələrdə ki, bağlar, parklar salınacaq, həmin parklar salınan yerlərdə olan köhnə evlər və binalar söküldüyü halda onların sahiblərinə müvafiq bazar dəyərinə uyğun kompensasiya veriləcək ki, onlar digər ərazilərdə özlərinə yaşayış məkanları əldə etsinlər".

O, bildirib ki, bu plan ilk olaraq 2030-cu ilə qədər, sonra isə 2040-cı ilə qədər hissəni əhatə edir:

"Bildiyimiz kimi, COP29 Bakı şəhərində keçirildi. Azərbaycan dövləti bu istiqamətdə bir sıra beynəlxalq tədbirin keçirilməsi ilə bağlı, habelə ondan sonra Bakının yaşıllaşdırılması istiqamətində addımlar atdı. Tarixən Bakı şəhəri yaşıl sahələrin o qədər də bol olmadığı bir məkan olub. Amma hazırda fərqli bir mənzərə görürük və bu mənzərə 2040-cı ilə qədər nəzərdə tutulmuş plana uyğun olaraq həyata keçirilir".

Ekspertin sözlərinə görə, Bakının çirklənməsinin qarşısının alınması baxımından çox ciddi addımlar planlaşdırılır:

"Təqribən 500 hektara qədər yaşıllıq sahələri planlaşdırılır. Təkcə parklar yox, o cümlədən, həm hazırkı köhnə Ağ şəhər bulvarının uzadılması, həm də Zığ şossesinə qədər bu bulvar xəttinin davam etməsi, habelə salınan yeni magistral yollarda və infrastrukturun inkişaf etdiyi istiqamətlərdə yol kənarı yaşıllıqların salınması həmin planın tərkib hissəsidir". 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top