Şəmkir sakini qardaşını armaturla döydü

KRİMİNAL 31 iyul 2025, 22:18
Şəmkir rayonunda iki qardaşın mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Yuxarı Seyfəli kəndində baş verib.

Kənd sakini, 1969-cu il təvəllüdlü Mahmud Qasımov qardaşı Vəlinin (ad-soyad şərtidir – red.) yaşadığı evin qarşısında dəmir çəni təmir etməsini görüb. 

O, qardaşına yaxınlaşaraq, dəmir çənin özünə məxsus olmasını bildirib və sonra aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Baş vermiş mübahisə zamanı yerdən götürdüyü armatur parçası ilə zərərçəkmiş şəxsin sol qoluna və sol ayağına qəsdən vurub. 

Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə M. Qasımova 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Təqsirləndirilən şəxsin üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə  saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. 

Bundan əlavə, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top