
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.2-ci maddəsinə əsasən, peşə təhsili müəssisələrində oxuyan və bu müəssisəyə qəbul olunana qədər tam orta təhsil almamış çağırışçılara 20 yaşınadək müddətli hərbi xidmətdən möhlət hüququ verilir. Həmin hüquqi norma, əslində, peşəkar bacarıqlar qazanmaq istəyən gənclərin təhsil prosesini fasiləsiz şəkildə davam etdirməsinə, həmçinin cəmiyyətə daha hazırlıqlı fərd kimi inteqrasiyasına şərait yaratmalıdır. Əlavə olaraq, qanuna edilmiş son dəyişikliklə ümumi təhsil müəssisələrində tam orta təhsil alan şagirdlər də 20 yaşınadək hərbi xidmətə çağırışdan möhlət hüququ qazanmışdır. Bu dəyişikliklər hüquqi baxımdan mütərəqqi və məqsədəuyğundur”.
Bunu Demokrat.az-a çıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu hüquqların real həyata tətbiqi sahəsində ciddi uyğunsuzluqlar mövcuddur:
“Əvvəla, peşə məktəblərində oxuyan gənclərin böyük bir hissəsi bu hüquqlardan xəbərsizdir. Mövcud statistik məlumatlara görə, 2023-cü ildə Azərbaycanda təxminən 30 min nəfərə yaxın gənc peşə təhsil müəssisələrində oxuyurdu. Onların əhəmiyyətli hissəsi isə regionlarda yaşayır və hüquqi məlumatlandırma səviyyəsi olduqca aşağıdır. Belə olan halda, qanunvericiliyin verdiyi hüquqların həyata keçməsi real mexanizmlərlə müşayiət olunmadığı üçün sadəcə kağız üzərində qalır. Ən ciddi problem isə odur ki, peşə təhsili müəssisələri Elm və Təhsil Nazirliyi ilə Müdafiə Nazirliyi arasında koordinasiyanı təmin edə biləcək effektiv elektron informasiya sistemlərinə malik deyildir. Nəticədə, çoxsaylı peşə təhsili alan tələbələr qanunsuz şəkildə çağırışa cəlb olunur və təhsillərini yarımçıq qoymağa məcbur olurlar”.
Ekspertin sözlərinə görə, dünya təcrübəsinə nəzər saldıqda, daha çevik və insan yönümlü modellərlə qarşılaşırıq:
“Məsələn, Almaniyada peşə təhsili alan tələbələr avtomatik olaraq hərbi xidmət möhləti hüququ əldə edirlər və bu hüquq yalnız yaşla deyil, təhsilin başa çatması ilə müəyyən olunur. Cənubi Koreyada hərbi xidmət çox sərt olmasına baxmayaraq, peşə təhsili və ali təhsil alan tələbələr elektron qeydiyyat sisteminə düşməklə möhlət hüququnu problemsiz şəkildə reallaşdıra bilirlər. Hətta bəzi ölkələrdə – məsələn, Finlandiya və Norveçdə – peşə təhsilinin hərbi xidmətlə inteqrasiyası modeli tətbiq olunur: tələbələr müəyyən ixtisaslar üzrə təhsil alarkən hərbi hazırlıq keçmiş olurlar və bu, onların həm xidmət, həm də peşə təhsili prosesini paralel şəkildə başa vurmalarına imkan verir”.
Kamran Əsədov onu da qeyd edib ki, əgər bu istiqamətdə konkret addımlar atılarsa, həm peşə təhsilinin nüfuzu artacaq, həm də hərbi xidmətə cəlb edilən gənclər daha yetkin, peşəkar və sosial baxımdan formalaşmış fərdlər kimi xidmətə başlayacaqlar.
Cavidan Mirzəzadə
Demokrat.az