70 minlik aftafa alınması xəbərinə universitetdən REAKSİYA

GÜNDƏM 27 iyul 2025, 14:19
"2025-ci il 26 iyul tarixində demokrat.az saytında yayımlanmış “Aftafa üçün 70 minlik alış-veriş” sərlövhəli materialda Naxçıvan Dövlət Universiteti haqqında həqiqətə uyğun olmayan, ictimaiyyətdə yanlış fikir formalaşdırmağa yönəlmiş, böhtan xarakterli ifadələr yer almışdır. Həmin yazıda universitet tərəfindən guya “aftafa” üçün 70 min manatlıq satınalma həyata keçirildiyi iddia olunmuşdur". 

Demokrat.az
xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. 

Bildirilir ki, yayımlanan məlumat həqiqətə uyğun deyil:

"Universitet tərəfindən aparılan satınalma prosedurlarında heç bir halda “aftafa” adlı məhsul üzrə tender keçirilməmiş, bu adda məhsul alınması nəzərdə tutulmamışdır.

Məqalədə adı çəkilən “GÜVƏN LUX” MMC ilə bağlanması nəzərdə tutulan müqavilə təmir-tikinti işləri çərçivəsində texniki təyinatlı məhsulların (müxtəlif növ krantlar, borular, şlanqlar və s.) tədarükünü əhatə edir. Bu məhsullar arasında ictimai şəkildə təqdim olunduğu kimi sanitar-gigiyenik məqsədli “aftafa” anlayışına uyğun hər hansı məhsul
yoxdur.
 
Jurnalist etikası və media haqqında qanunvericiliyə əsasən, hər bir media subyekti yaydığı məlumatın obyektivliyinə və dəqiqliyinə cavabdehdir. Təəssüf ki, sözügedən materialda bu prinsiplər pozulmuş, ictimai rəyə təsir etmək məqsədi güdən manipulyativ və təhrif olunmuş mətn yayımlanmışdır.
 
Azərbaycan Respublikasının “Media haqqında” Qanununun 19-cu maddəsinə əsasən, media subyekti yaydığı yanlış məlumatı təkzib etməyə borcludur. Bu səbəbdən, Demokrat.az saytından bu təkzibin yayılması və həmin yazının müvafiq düzəlişlərlə yenilənməsi tələb olunur.

Naxçıvan Dövlət Universiteti ictimaiyyətə bir daha bildirir ki, bütün satınalma prosesləri qanunvericiliyə uyğun şəkildə həyata keçirilir və istənilən məsələ ilə bağlı şəffaflıq prinsiplərinə əsaslanaraq məlumat verməyə hazırdır".

Xatırladaq ki, ötən gün “32gun.az” saytında sözügedən universitetin aftafa almaq üçün 70 min manat xərcləyəcəyi ilə bağlı xəbərlər yayılmışdı.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 iyul 2025, 16:57
Top