
“YouTube” platforması 2015-ci ildən fəaliyyət göstərən “Trend” bölməsini qlobal miqyasda, o cümlədən Azərbaycanda ləğv edib.
Bəs “YouTube”un “Trend” bölməsinin ləğvi Azərbaycanda kontent yaradıcılığına necə təsir edə bilər?
"Mediaservis" MMC-nin təsisçisi, jurnalist Elgün Mənsimov Metbuat.az-a açıqlamasında bildirib ki, bu addıma səbəb sözügedən bölməyə istifadəçilər arasında marağın azalmasıdır.
“Təxminən 10 ildir fəaliyyət göstərirdi. İndi şirkət bu səhifəsi ilə vidalaşdığını açıqlayıb. Burada qısamüddətli ən populyar qlobal videolar, virasensasiyalar, xəbər başlıqları və populyar musiqi buraxılışları önə çəkilirdi. Lakin "YouTube"nin açıqlamasına görə, bu videoyayım platforması, yəni "Trend" bölməsi istifadəçilər arasında marağın olmaması səbəbindən bağlanır. Bununla belə, bundan sonra "YouTube" istifadəçiləri "YouTube Cədvəlləri"ndə populyar məzmunları izləyə biləcəklər”.
O qeyd edib ki, hazırda şirkət “Trend musiqi videoları”, “Həftəlik ən yaxşı podkastlar” və “Trend film treylerləri” təqdim edir və gələcəkdə daha çox kateqoriya əlavə etməyi planlaşdırır.
“Bundan əlavə, istifadəçilər öz zövqlərinə uyğun videoməzmunu tapmaq üçün "YouTube"un "Kəşf et" səhifəsinə, xüsusi yaradıcıların kanallarına və abunəlik lentlərinə də baxa bilərlər. Ona görə də bu dəyişikliklərin dünyada və Azərbaycanda kontent yaradıcılığına təsir edəcəyini düşünmürəm. Bu, sadəcə olaraq "YouTube"nin rentabellilik, məhsuldarlıq baxımından özünü təkmilləşdirmək cəhdidir. Bu platforma özü daxilindəki səhifələrlə birgə ümumilikdə yaradıcı şəxslərə geniş imkanlar yaradır. Orijinal kontent varsa, alqoritm zatən özü onu müəyyən edib "Trend" bölməsi əvəzinə "Kəşf et" və ya məzmununa uyğun digər bölmədə önə çıxaracaq. Odur ki, burada yaradıcılığın və onun kütləyə yayımının hər hansı bir formada məhdudlaşacağını düşünmürəm. Çünki "YouTube" özü də səbəbini izah edir ki, 10 il ərzində "Trend" bölməsinə istifadəçilər arasında maraq az olub və bu səbəbdən ləğv edilir. Buna görə də narahatlığa heç bir əsas yoxdur”.