“Qarabağda müəyyən sayda mülki erməni potensial təhlükə mənbəyi ola bilər”

GÜNDƏM 16 sentyabr 2025, 13:17
“Qarabağda yaşayan bir qrup erməni artıq 5 ildən çoxdur ki, Azərbaycan dövlətinin nəzarətində yaşayır. Onların rifahı təmin olunub, Azərbaycan xalqının tolerantlığı və onlara qarşı göstərdiyi isti münasibət hər kəsə bəllidir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. 

O deyib ki, bəziləri bu münasibətə adekvat cavab vermək əvəzinə, əksinə, Azərbaycana qarşı nifrət və düşmənçilik nümayiş etdirirlər:

“Vaxtilə özünü "azərbaycanlı" adlandıran erməni, bu gün əlinə avtomat və qumbara alaraq dinc insanlara qarşı terror aktı törətməyə cəhd edir. Bu fakt bir daha göstərir ki, Qarabağda yaşayan bəzi ermənilər hələ də Azərbaycan xalqına qarşı dərin etnik nifrət bəsləyirlər. Bu hal ciddiyətlə araşdırılmalı, həmin şəxslərin arxasında hansı qüvvələrin dayandığı, onların motivasiyası və mümkün gizli təşkilatlanmaları tam şəkildə üzə çıxarılmalıdır. Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanları artıq bu istiqamətdə tədbirlər görür və terrora cəhd edən şəxslərin arxasında duran qüvvələri müəyyən etmək üçün araşdırmalar aparılır. Qarabağda müəyyən sayda mülki erməni potensial təhlükə mənbəyi ola bilər”.

Politoloq əlavə edib ki, belə şəxslərin nəzarətsiz şəkildə ərazilərdə hərəkət etməsi gələcəkdə yeni təhlükəli hadisələrin baş verməsinə səbəb ola bilər:

“Ona görə də, onların izlənməsi və zəruri hallarda xüsusi nəzarət altında saxlanılması vacibdir. Sabaha başqa bir şəxsin silah götürüb, dinc əhaliyə qarşı təxribat törətməyəcəyinə heç kim zəmanət verə bilməz. Bütün bu baş verənlər onu göstərir ki, Azərbaycan dövləti Zəngəzur dəhlizi məsələsində və Ermənistanla münasibətlərdə hər zaman ehtiyatlı davranmaqda tamamilə haqlıdır. Sülhə çağırışlar fonunda belə təxribatlar bir daha sübut edir ki, təhlükə tam sovuşmayıb və ehtiyatlı, ciddi nəzarət zəruridir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top