"Üzeyir bəy deyərdi ki..." adlı tamaşa Şuşada nümayiş olundu — FOTOLAR

MƏDƏNİYYƏT 23 iyul 2025, 17:40
Şuşada davam edən Vaqif Poeziya Günləri gedişində iyulun 23-də Natəvanın evinin qarşısında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olunub.

Tamaşa dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyinə həsr edilib.

Nümayişdən öncə Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı, teatrşünas Dağlar Yusif çıxış edərək mədəniyyət və müharibə məfhumları haqqında danışıb. Qeyd edib ki, Şuşa şəhəri mədəniyyətin, sənətin müharibə üzərində qələbə çaldığı məkandır.
Sonra tamaşa nümayiş olunub.

Quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, ssenari müəllifi şair-dramaturq İlqar Fəhmi olan səhnə əsərində Üzeyir bəyin müxtəlif felyetonlarından istifadə edilib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aktyorlarının ifasında təqdim edilən tamaşada dahi bəstəkarın əsərlərindən musiqi fraqmentləri də səsləndirilir.
Səhnə işində görkəmli şairlər Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və Səməd Mənsurun bədii nümunələrinə yer verilib.

Poeziya bayramına toplaşan tamaşaçılar səhnə əsərini böyük maraq və alqışlarla qarşılayıblar.



















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyul 2025, 00:27
Top