Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

SOSİAL 25 iyun 2025, 12:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində etdiyi çıxışında vurğuladı ki, İtaliya və Çin Azərbaycan üçün strateji tərəfdaşlardır. Dövlət başçısı qeyd etdi ki, bu ölkələrlə mühüm sənədlər imzalanmış və qarşılıqlı əməkdaşlıq münasibətləri davamlı şəkildə inkişaf etdirilir.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır:

“Ticarət dövriyyəsinin ən böyük hissəsi məhz bu ölkənin payına düşür. Eyni zamanda, İtaliya Cənub Qaz Dəhlizinin əsas iştirakçılarındandır və enerji sahəsində Azərbaycanla sıx əməkdaşlıq edir. Bu münasibətlərin gələcəkdə daha da genişlənməsi üçün böyük potensial mövcuddur. 
Çin də Azərbaycanla artıq iki dəfə strateji tərəfdaşlıq sənədi imzalamış ölkədir. Prezident İlham Əliyevin bu ilin aprelində Çinə səfəri çərçivəsində imzalanan sənədlər əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Strateji tərəfdaşlıq münasibətləri o münasibətlərdir ki, orada tərəflər əsas və fundamental məsələlərdə ortaq mövqe sərgiləyirlər”.

Deputat qeyd edib ki, bu xüsusiyyət həm İtaliya ilə, həm də Çinlə münasibətlərimizə xasdır:

“Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında şəxsi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər də bu tərəfdaşlığın mühüm dayağını təşkil edir. 

Çin lideri Prezident İlham Əliyevi "Çin xalqının köhnə dostu" adlandırmışdır. Bu, böyük mənaya malik ifadədir. "Köhnə dost" anlayışı uzunmüddətli, sınaqlardan keçmiş, etibarlı münasibətləri əks etdirir. 1,5 milyard əhalisi olan Çin üçün bu, çox yüksək qiymətdir. 

Azərbaycanın Çin vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv etməsi və qarşılıqlı viza azadlığı barədə bu ilin aprelində imzalanan sənəd münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Bütün bu faktlar onu deməyə əsas verir ki, İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir və ölkə Prezidentinin apardığı uzaqgörən diplomatik kursun real nəticəsidir. Azərbaycanın artan nüfuzu və möhkəmlənən beynəlxalq tərəfdaşlıqları ölkənin gücünün və strateji əhəmiyyətinin göstəricisidir”.


Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top