Kəlbəcərdə qeyri-adi doğuş: Körpə təcili yardım maşınında dünyaya gəldi

SOSİAL 24 iyun 2025, 17:37
Kəlbəcərdə çağırışa gələn təcili tibbi yardım briqadası doğuş prosesini idarə etməli olub.

Modern.az-ın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən əldə etdiyi məlumata görə, Kəlbəcər rayonu, Bəylik kəndində yaşayan hamilə qadının doğuş prosesini çağırışa gələn təcili yardım briqadası həyata keçirib. 

Bu gün səhər saat 10:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sözügedən kənddən 23 yaşlı hamilə qadınla bağlı çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Tərtər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Gülşən Bayramova tərəfindən 34 həftəlik hamilə qadının vaxtından əvvəl doğuş prosesi çağırış ünvanında icra olunub. 

Doğuş zamanı dölün boynuna göbək ciyəsinin dolandığı müşahidə olunub və müvafiq müdaxilə ilə boyun göbək ciyəsindən təhlükəsiz şəkildə azad edilib. Daha sonra isə briqada tərəfindən doğuş prosesi təcili tibbi yardım avtomobilində nəzarətə götürülüb. 

Tibbi heyət tərəfindən zahı qadın və yenidoğulmuş müvafiq tibb müəssisəsinə təxliyə olunub.
Xəstəxanada anaya və körpəsinə zəruri tibbi xidmətlər göstərilib.

Körpənin cinsi qız, çəkisi 2 kq, boyu isə 44 sm olub. Hazırda ana və körpənin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top