Dondurma alarkən buna diqqət edin — XƏBƏRDARLIQ

SOSİAL 24 iyun 2025, 15:58
“Bir çox hallarda sex şəraitində hazırlanan dondurmalar sağlamlıq problemləri yarada bilir. Dondurma süddən, şəkərdən, yağdan, dadvericilərdən və bəzən yumurtadan hazırlanır. Bu maddələr mikroorqanizmlərin çoxalması üçün çox əlverişli mühitdir. Ona görə də hazırlanma, dondurulma və saxlanma şəraitinə çox ciddi nəzarət olunmalıdır”.

Bunu Demokrat.az-a açıqlamasında qida üzrə mütəxəssis Asim Vəli deyib. O bildirib ki, ev və ya qeyri-peşəkar sexlərdə təmizlik qaydalarına tam əməl olunmur:



“Alətlər, qablar və işçinin əlləri təmiz deyilsə, salmonella, “E. coli” kimi bakteriyalar dondurmaya keçə bilər. Ucuz süd və ya su ilə qatılmış qarışıqlar istifadə edilir. Bu həm dadı pis edir, həm də zəhərlənmə riskini artır.

Həmçinin, dondurma düzgün temperaturda saxlanmalıdır (−18°C və aşağı). Əgər elektrik kəsilirsə və dondurma əridilib, sonra yenidən dondurulursa, mikroorqanizmlər çoxala bilir. Bəzi qeydiyyatsız sexlərdə keyfiyyətli dadvericilər və rəngvericilər əvəzinə ucuz, zərərli kimyəvi maddələr istifadə olunur”.

Ekspertin sözlərinə görə, alıcılar bilməlidir ki, etiketdə istehsalçı adı, istehsal və son istifadə tarixi, tərkibi yazılmalıdır:

“Küçədə və ya kafedə satılan qatıq kimi dondurmalarda risk böyükdür. Kəskin südlü iy, turş dad varsa, yeməməliyik. Dondurma uşaqlar və yaşlılar üçün daha risklidir. Hətta az miqdarda zərərli mikroorqanizm onların sağlamlığında ciddi problem yarada bilər”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top