“Bu halda neftin qiyməti 100 dollar həddini belə keçə bilər”

GÜNDƏM 23 iyun 2025, 18:49
 Dünya bazarlarında Azərbaycan neftinin qiymətində artım müşahidə olunub. Belə ki, “Azeri Light” markalı neftin bir bareli 3,79 ABŞ dolları və ya 5 faiz bahalaşaraq 79,58 dollara yüksəlib. İddialara görə, bu rəqəm 90-100 dollara qədər qalxa bilər. Bildirilir ki, bu halda ölkənin neft ixracından əldə etdiyi gəlirlər də çoxalacaq. Hətta növbəti mərhələdə sözügedən qazancın sosial paketlər üzrə xərclənməsi mümkündür. Yəni proses əməkhaqqı, pensiya, müxtəlif təqaüd, müavinət növləri üzrə ödənişlərin artırılması ilə nəticələnə bilər.

İqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlama verib. 

O qeyd edib ki, son günlərdə dünya bazarlarında neftin qiymətində müşahidə edilən artım iqtisadi səbəblərdən deyil, geosiyasi gərginliklərin təsiri ilə bağlıdır:

“Xüsusilə İran-İsrail qarşıdurması, regionda yeni münaqişə risklərini artırmaqla enerji bazarlarında qeyri-sabitlik yaradıb və bu da neftin qiymətinin qısa müddətdə sürətlə yüksəlməsinə səbəb olub. Əgər bu qarşıdurma daha da genişlənərsə, neftin qiyməti 100 dollar həddini belə keçə bilər. Lakin əksinə, vəziyyət stabilləşərsə və diplomatik kanallar vasitəsilə münaqişə səngidilərsə, qiymətlərin əvvəlki koridora – 60-65 dollar aralığına geri dönməsi mümkündür. Bu baxımdan, mövcud artım orqanik yəni bazar tələbatı və təklif balansına əsaslanan artım deyil, tamamilə geosiyasi risklərin məhsuludur. Əslində, dünya üzrə neftə olan ümumi tələbatda ciddi dəyişiklik müşahidə olunmur. Bu da onu göstərir ki, hazırkı qiymət artımı davamlı deyil və situativ xarakter daşıyır”. 

İqtisadçı əlavə edib ki, ona görə də bu artımın uzunmüddətli iqtisadi sabitlik yaradacağına dair gözlənti real deyil:

“Bununla yanaşı, qiymət artımı qısa müddətdə neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan üçün müsbət nəticələr verir. Neftin qiymətinin yüksəlməsi Azərbaycanın valyuta daxilolmalarını artırır, dövlət büdcəsində müsbət dinamika yaradır və hökumətin sosial layihələrə daha çox vəsait ayırmasına imkan verir. Nəticə etibarilə, Azərbaycan üçün bu artım qısamüddətli müsbət təsir yaratsa da, uzunmüddətli dayanıqlı gəlirlər yalnız sabit bazar şərtləri və geosiyasi risklərin azalması fonunda mümkün olacaq. Hazırkı mərhələdə isə vəziyyətin diqqətlə izlənməsi və ehtiyatlı fiskal planlaşdırma zəruridir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
23 iyun 2025, 19:15
Top