"Xəzərin sağlamlaşdırılması üçün lokal deyil, regional səviyyədə əməkdaşlıq vacibdir" — Ekoloq

GÜNDƏM 23 iyun 2025, 18:57
May ayından etibarən aparılan müayinələrə Bakı şəhərinin Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Novxanı, Görədil, Nardaran, Bilgəh, Pirşağı, Şıx, Sahil kimi çimərlik əraziləri, eləcə də Sumqayıt, Lənkəran, Astara və Xaçmaz rayonlarının sahilboyu əraziləri daxil edilib. Belə ki, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərlikləri ilə yanaşı, Xaçmaz rayonunun Niyazoba kəndi, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi və Sütəmurdov kəndində yerləşən çimərliklərdən götürülən su nümunələrində normadan artıq bakterioloji çirklənmə aşkarlanıb. Araşdırmalar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin mütəxəssisləri ilə birgə həyata keçirilib.

Ekoloq Rövşən Abbasov bununla bağlı  Demokrat.az-a açıqlama verib.

O deyib ki,  Xəzər dənizi Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran kimi beş ölkənin sərhədlərində yerləşən unikal su hövzəsidir:

“Bu regionda sənaye, məişət və kənd təsərrüfatı fəaliyyətləri nəticəsində dənizə böyük həcmdə çirkab sular axıdılır. Statistikalara əsasən, təkcə Rusiyadan Xəzərə illik olaraq təqribən 12 milyard kubmetr çirkab su daxil olur. Bu rəqəm Xəzərin ekoloji tarazlığı üçün ciddi təhlükə mənbəyidir. Azərbaycan tərəfindən Xəzərə axıdılan çirkab suların həcmi isə müqayisədə qat-qat aşağıdır təxminən 400-600 milyon kubmetr aralığında dəyişir. Bu göstərici Azərbaycan tərəfinin məsuliyyətli yanaşmasını əks etdirir. Lakin problem təkcə miqdarda deyil, həm də keyfiyyətdə və lokal təsirlərdədir. Azərbaycanda Xəzərə çirkab sular əsasən Abşeron yarımadasından Pirşağı, Lökbatan və Bakı şəhərinin müxtəlif məntəqələrindən daxil olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu axıntı nöqtələrinin inventarlaşdırılmasını həyata keçirmiş və təmizləmə işlərinə başlamışdır”.

Ekoloq əlavə edib ki, hazırda həyata keçirilən əsas layihələrdən biri Pirşağıda inşa olunan böyük tutumlu təmizləyici qurğudur ki, bu qurğu 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək:

“Eyni zamanda, Lökbatan istiqamətində də oxşar bir qurğu inşa edilir. Həmçinin, Hövsan Aerasiya Stansiyasının gücü artırılır ki, şəhərin digər hissələrindən gələn çirkab sular burada təmizlənərək Xəzərə axıdılsın. Bu addımlar, Azərbaycanın “Milli Su Strategiyası” çərçivəsində həyata keçirilir. Strategiyanın əsas hədəflərindən biri də çirkab suların təmizlənərək yenidən istifadə olunmasıdır. Xüsusilə su qıtlığının və iqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün təmizlənmiş çirkab suların alternativ su mənbəyi kimi dəyərləndirilməsi vacibdir. Gələcəkdə bu təmizlənmiş suların Abşeron yarımadasındakı zeytun bağlarında, yaşıl ərazilərdə və park sistemlərində istifadəsi planlaşdırılır. Bu, yalnız ekoloji deyil, həm də iqtisadi və sosial baxımdan müsbət nəticələrə yol açacaq. Xəzərin sağlamlaşdırılması üçün yalnız lokal deyil, regional səviyyədə əməkdaşlıq və koordinasiya vacibdir. Bu, beş Xəzəryanı dövlətin birgə məsuliyyəti və prioriteti olmalıdır”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
23 iyun 2025, 19:15
Top