ƏDV üzrə geri ödənişdə niyə problem yaranır? — Ekspertdən AÇIQLAMA

GÜNDƏM 08 avqust 2025, 18:33
“Bəzi ticarət obyektlərindəki kassalar Vergilər Nazirliyinin serverinə düzgün inteqrasiya edilmir. Nəticədə, verilən qəbzlərdə QR-kod olsa belə, müştərilər ƏDV üzrə geri ödəniş əldə edə bilmirlər”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.

O, bildirib ki, məsələ ilə bağlı monitorinqlər aparılıb və müəyyən edilib ki, bəzi sahibkarlar bunu qəsdən edərək müştərilərin ƏDV geri ödənişindən yararlanmasının qarşısını alırlar:

"Bəzən isə problem zəif internet təminatından qaynaqlanır. Şəbəkə üzərindən işləyən kassa aparatları çek çap edərkən məlumatın Vergilər Nazirliyinin və ya hökumət portalının sisteminə ötürülməsi zəifləyir, hətta tamamilə baş vermir. Nəticədə əməliyyat rəsmi sistemdə görünmür. Çekin üzərində ƏDV üzrə QR-kod olsa da, əməliyyat sistemə inteqrasiya edilmədiyi üçün geri ödəniş mümkün olmur".

Ekspert deyib ki, elə obyektlər də var ki, vergi ödəyicisi olsalar da, ƏDV-dən azaddırlar:

"Bu halda, verilən çekin üzərində QR-kod olsa belə, ondan istifadə edərək geri ödəniş almaq mümkün deyil. Çünki həmin ticarət və xidmət obyektləri ƏDV ödəyicisi olmadığından bu ödənişlər geri qaytarılmır".

Onun sözlərinə görə, bəzi hallarda isə kassa aparatları QR-kod və ya şirkət kodu çap edərkən texniki xətalara yol verir:

"Məsələn, cəmi bir millimetrlik nöqtə fərqi belə çekin oxunmasına mane olur. Bu, həm dövlət büdcəsinə ödənilən vergilərin düzgün hesablanmasına ziyan vurur, həm də ciddi maliyyə itkilərinə səbəb olur".
 
Qeyd edək ki, bəzi vətəndaşlar alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) geri qaytarılmaması ilə bağlı narazılıq edirlər.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 avqust 2025, 19:18
Top