"Dağlıq Qarabağ" sözünə görə Niderland Krallığına etiraz məktubu göndərildi

GÜNDƏM 23 iyun 2025, 18:33
Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) Niderland kralı Villem Aleksandra ölkənin koalisiya hökumətinin qəbul etdiyi sənədə etiraz edərək məktub göndərib. 

EAPCA-nın baş katibi Sahil Qasımovun Niderlandın Krallıq Sarayına imzaladığı məktubda qeyd olunur ki, Niderland koalisiya hökuməti qəbul etdiyi sənəddə Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alaraq “Dağlıq Qarabağ” sözündən istifadə edib. 

Avro-Atlantik coğrafi məkanında fəaliyyət göstərən transmilli beynəlxalq təşkilat olan EAPCA, Niderlandın koalisiya hökumətini Azərbaycan Respublikasına və Azərbaycan xalqının haqlarına hörmət etməyə çağırır. 

EAPCA hesab edir ki, koalisiya hökumətinin qəbul etdiyi sənəddə ermənilərin Azərbaycana qayıdışı məsələsi qabardılaraq qeyd olunduğu halda, Qərbi Azərbaycandan məcburi köçürülmüş 300 min azərbaycanlının taleyi barədə heç bir söz deyilmir.

Məktubda qeyd edilir ki, Niderlandın koalisiya hökumətinin qəbul etdiyi sənəddə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təhrif olunur. Niderland kralı Villem Aleksandra ünvanlanmış məktubda bu ölkədə 30 minə qədər azərbaycanlının yaşadığı, hollandiyalılar və azərbaycanlılardan ibarət yüzlərlə qarışıq ailənin olduğu qeyd olunur. 



Niderland hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir, yüzlərlə Hollandiya şirkətləri Azərbaycanda işləyir, müxtəlif layihələr həyata keçirirlər. 

Azərbaycan və Niderland dost ölkələrdir, xalqlarımız arasında dostluq münasibətləri mövcuddur. Azərbaycanlılar II Dünya müharibəsində hollandiyalıların azadlığı uğrunda faşizmə qarşı vuruşmuşlar. Məmməd Məmmədov – Medo ləqəbi ilə tanınan azərbaycanlı Niderlandın Milli Qəhrəmanıdır və Krallıq Sarayının fəxri üzvü olmuş, ölkənin ali mükafatı olan “Cəngavər” ordeni ilə təltif olunmuşdur.

Diqqətinizə çatdırırıq ki, Niderland Kralı Əlahəzrət Villem Aleksandrın Sarayından EAPCA-nın baş katibi Sahil Qasımova rəsmi məktub göndərilərək, məktubun Kral Həzrətləri tərəfindən tanış olunduğu diqqətə çatdırılır.

Ölkədə yaşayan çoxminli Azərbaycan diasporasının üzvləri seçkilərdə yaxından iştirak etməyi planlaşdırırlar. Ölkədəki müxtəlif siyasi partiyalarla əlaqələri gücləndirməyə çalışır, Niderland Parlamenti ilə görüşlər keçirirlər. Niderland Krallığında fəaliyyət göstərən Azərbaycanın diplomatik korpusunun yeni rəhbərliyi Niderland Krallığı və Azərbaycan Respublikası arasında münasibətlərin istiləşməsi üçün var gücü və təcrübələrindən istifadə edir, ölkə rəhbərliyi və siyasətçilərlə çoxsaylı görüşlər keçirirlər.




Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
Top