Nikahların sayı buna görə artıbmış — AÇIQLAMA

SOSİAL 18 iyun 2025, 22:00
Bu ilin ilk 4 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 min 953 nikah və 6 min 784 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1-dən 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.

Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında deyib ki, son zamanlar nikah statistikalarında müşahidə olunan nisbi artımın evliliyə meyillikdən yox, qohum nikahlarının qanunla məhdudlaşdırılması ərəfəsində canlanmadan qaynaqlanır:

“Bu artım əsasən nişanlı və ailə qurmağa hazırlaşan qohumlar arasında baş verir. Belə ki, yaxın aylarda qüvvəyə minməsi gözlənilən qadağa onları daha tez nikaha girməyə təşviq edir. 

Cütlüklər bu qərarı verərkən gələcəkdə qarşılaşa biləcəkləri tibbi və genetik fəsadları nəzərə almadan tələsik addımlar atırlar. Halbuki qohum nikahlarının bir çox hallarda genetik xəstəliklərə yol açdığı, uşaqların sağlamlığını təhlükəyə atdığı tibbi cəhətdən sübut olunub. 

Sosial baxış isə birmənalıdır. İnsanlar nikah sayının artmasını arzulasa da, bunun sağlam və uyğun cütlüklər arasında baş verməsini istəyirlər. “Kor nə istəyər? İki göz!” misalını xatırladan nikahların artması təqdirəlayiq olsa da, bu artımın qohumlar arasında deyil, sağlam cəmiyyət modeli üzərində qurulmuş ailələrdə olması arzuolunandır. 

Məsələyə rəsmi baxış və statistik təhlil yaxın zamanda qohum nikahlarının ümumi nikahlar içindəki payını daha dəqiq göstərə bilər. Amma indidən aydın görünür ki, qanunla gələcəkdə qadağan olunacaq qohum nikahlarına qarşı tələsik qanunverici boşluqdan istifadə etmə meyli müşahidə olunur”.


Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 iyun 2025, 00:07
Top