Deputat: "Medinskinin bəyanatı tək bir şəxsin fikri deyil"

GÜNDƏM 10 iyun 2025, 19:03
Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Rusiya–Ukrayna müharibəsini Qarabağ münaqişəsi ilə müqayisə etməsi Azərbaycanda kəskin etirazla qarşılanıb.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlama verib.

O deyib ki, Rusiya-Ukrayna müharibəsinin uzanması və artan geosiyasi gərginlik fonunda Rusiyada millətçi və şovinist əhval-ruhiyyənin gücləndiyi müşahidə olunur:

“Bu proses bir çox rəsmi və qeyri-rəsmi dairələrin açıq şəkildə imperialist niyyətlərini dilə gətirməsinə səbəb olur. Rusiya Prezident Administrasiyasının keçmiş nümayəndəsi Vladimir Medinskinin Ukrayna ilə Qarabağı paralel şəkildə müqayisə etməsi də bu kontekstdə qiymətləndirilməlidir. Medinskinin səsləndirdiyi fikirlər təkcə şəxsi mövqe kimi qəbul edilə bilməz. Bu, Rusiyanın bəzi siyasi mərkəzlərində Qarabağ məsələsində hələ də imperialist təəssübkeşliyin qalması və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yaranmış yeni reallığı qəbul etmək istəməməyin göstəricisidir. Qarabağın Azərbaycanın suverenliyi altında tam bərpa olunması Rusiyanın regiondakı təsir alətlərindən birini itirməsi deməkdir. Bu səbəbdən, bəzi rus dairələri, xüsusilə millətçi və şovinist ideologiya ilə hərəkət edənlər, fürsət düşdükdə Qarabağ mövzusunu yenidən gündəmə gətirmək cəhdindədirlər. Medinskinin çıxışı da bu cəhdin bir hissəsidir”.

Deputat diqqətə çatdırıb ki, bu cür çıxışlar Azərbaycana təkcə dolayısı mesaj deyil, həm də açıq siyasi təxribat xarakteri daşıyır:

“Azərbaycanın Xarici İşlər Nazirliyi bu bəyanata dərhal və sərt reaksiya verərək, belə ritorikanın qəbuledilməz olduğunu bəyan etdi. Bu da göstərdi ki, rəsmi Bakı bu cür cəhdləri diqqətlə izləyir və adekvat cavab verməyə hazırdır. Medinskinin bəyanatı tək bir şəxsin fikri yox, Rusiya daxilində Qarabağ məsələsində mövcud olan imperialist təfəkkürün təzahürüdür. Azərbaycanın bu cür çağırışlara qarşı həm diplomatik, həm də informasiya səviyyəsində çevik və prinsipial mövqe nümayiş etdirməsi vacibdir. Əks halda, bu tip ritorikalar zamanla daha da artaraq regional sabitliyə təhlükə yarada bilər. Bundan dərhal sonra Maria Zaxarovanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı son açıqlamaları Rusiyanın bu məsələdəki mövqeyini yenidən gündəmə gətirdi”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 iyun 2025, 23:50
Top