Yaş həddi 14-ə qaldırılır? — Azərbaycanda yeni qadağa qalmaqalı

GÜNDƏM 06 iyun 2025, 15:46
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi banklarda uşaqların adına kart açılmasına qadağa qoyulmasını təklif edib. Bununla bağlı qurumun şöbə müdiri Elgün Səfərov danışıb.

O bildirib ki, ölkədə kommersiya bankları 14 yaşından aşağı uşaqlar üçün maliyyə hesabları açmamalıdırlar:

“Bəzi banklar 7-8 yaşlı uşaqların adına bank kartlarının açılması ilə bağlı xidmətlər təklif edirlər. Biz komitə olaraq müraciət edəcəyik ki, Azərbaycandakı kommersiya bankları 14 yaşından aşağı uşaqlar üçün maliyyə hesabları aça bilməsinlər. Bu, qanunvericiliklə tənzimlənməlidir”.

Bu istiqamətdə yeni qadağalar olacaqmı?

Demokrat.az
xəbər verir ki, mövzu ilə bağlı “Globalinfo.az”a danışan iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, bu məsələlər Roma hüququna uyğun qaydada tənzimlənir:

“Azərbaycanın Mülki Məcəlləsi də onun əsasında formalaşıb. Burada 7-14 və 14-18 yaş arası şəxslərin fəaliyyət qabiliyyəti haqqında məlumat verilir. Belə ki, 7 yaşından kiçik uşaqlar tam fəaliyyət qabiliyyətindən məhrumdurlar, yəni, hüquqi əməliyyatlar edə bilməzlər. 7-14 yaş arası olanlar üçün bu, məhdud səviyyədədir. Bu yaşda olan uşaqlar sadəcə valideyn və ya qəyyumlarının icazəsi ilə hüquqi əməliyyatlar apara bilərlər.
 

14-18 yaş arası şəxslər isə müəyyən məhdudiyyətlərlə fəaliyyət göstərə bilərlər, amma yenə də bəzi əməliyyatlarda valideyn və ya qəyyumların razılığının tələb edilməsi mümkündür. Ümumilikdə, valideyn övladının cibinə pul qoyduğu kimi, öz adına olan kartı da ona verə bilər. Buna necə nəzarət ediləcək?”.


İqtisadçı bildirib ki, bu sahədə hüquqi boşluq yoxdur:

“Banklar da fəaliyyətlərini Mülki Məcəllə əsasında qurublar. Valideyn karta birbaşa nəzarət edir və ona limit qoyur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə iş gördüyünü sübut etmək üçün zaman-zaman belə fərziyyələr ortaya qoyur. Qurumun təkliflərinin real təsiri yoxdur. Sadəcə şou məqsədilə verilən açıqlamalardır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top