Bu şəxslər qurban kəsə bilməz — AÇIQLAMA

GÜNDƏM 06 iyun 2025, 13:00
Artıq sabah Azərbaycanda və bütün müsəlman ölkələrində Qurban bayramı qeyd ediləcək. Bəs, kimlərə qurban kəsmək olmaz? Hansı şərtlərə əməl olunmalıdır? 

Demokrat.az
xəbər verir ki, mövzu ilə bağlı Manset.az-a danışan İlahiyyatçı Fazil Əhməd bildirib ki, İslam dinində qurban kəsmək müəyyən şərtlərlə yerinə yetirilir və hər kəsin bu ibadəti yerinə yetirməsi düzgün hesab edilmir:

"Qurban kəsmək müsəlmanlara xas olan bir ibadət olduğu üçün, həm qurban kəsən, həm də qurban kəsdirən şəxsin müsəlman olması vacibdir. Qeyri-müsəlman şəxsin qurban kəsməsi və ya kəsdirməsi İslam qaydalarına uyğun sayılmır.

Qurban kəsən şəxs İslamın bu ibadətinə hörmətlə yanaşmalı, onun mənəvi və dini məzmununu dərk etməlidir. Yəni, hər istənilən şəxs qurban kəsə və ya kəsdirə bilməz. Qurban kəsən şəxs həm müsəlman olmalı, həm də bu ibadətin şərtlərini bilməlidir. Əgər özü bu qaydaları bilmirsə, bu sahədə bilgili bir şəxsdən yardım almalıdır".

İlahiyyatçı qeyd edib ki, qurban kəsən şəxsin müəyyən yaş həddinə çatmış olması da vacib şərtlərdən biridir:

"Şəriətə görə, qurban kəsən şəxs yaxşı ilə pisi ayırd edə biləcək yaşda, yəni yetkinlik yaşına çatmış olmalıdır. Uşaqlar və ağlı başında olmayan şəxslər (məsələn, ruhi xəstəlikdən əziyyət çəkənlər) bu ibadəti yerinə yetirə bilməzlər.

Bundan əlavə, qurban kəsmək maddi imkanı olan şəxslərə vacibdir. Əgər bir insan ailəsini çətinliklə dolandırırsa, illik xərclərini qarşılamaqda çətinlik çəkirsə, o zaman o, özü ehtiyaclı sayılır və bu halda qurban kəsməsi deyil, ona qurban payı verilməsi daha məqsədəuyğundur.

İslam dininə görə qurban ibadəti yalnız dini, əqli və maddi baxımdan bu şərtlərə cavab verən şəxslər üçün keçərlidir. Qurbanlıq üçün nəzərdə tutulan heyvanlara əsasən ev heyvanları olan quzu, qoç, keçi, inək və dəvə kimi heyvanlar daxildir. Bu heyvanların sağlam, müəyyən yaş həddinə çatmış və qüsursuz olması da şəriət baxımından vacib şərtlərdəndir. Quşlar və digər oxşar heyvanlar isə Qurban bayramında kəsilmək üçün uyğun sayılmır və bu məqsədlə istifadə edilmir, çünki onlar qurbanlıq heyvanlar kateqoriyasına daxil deyillər. Eyni zamanda, Qurban kimi kəsilən heyvanın ətinin satılması dini qaydalara ziddir və bu, şəriətdə qadağan olunmuşdur. Qurban əti ehtiyacı olanlara paylanmalı, ailə üzvləri ilə bölüşülməli və yardıma ehtiyacı olan insanlar arasında paylanmalıdır."

Fazil Əhməd onu da vurğulayıb ki, əgər şəxs krediti rahatlıqla ödəyə bilirsə, aylıq gəliri yetərlidirsə və ödənişlərini vaxtında yerinə yetirirsə, artıq vəsaiti də varsa, o zaman qurban kəsə bilər:

"Lakin əgər qurban kəsmək borcumu ödəməyə mane olacaqsa, bu halda qurban kəsmək düzgün deyil".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top