Küçədə keçmiş arvadına şiddət göstərən kişi həbs edildi — HÖKM

KRİMİNAL 02 iyun 2025, 14:55
Sumqayıt şəhərində 1985-ci il təvəllüdlü İlqar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Nərminəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən uşaq bağçasının yaxınlığında baş verib. 

Sumqayıt şəhər sakini İlqar keçmiş arvadı Nərminənin nə üçün telefon zənglərinə cavab vermədiyini bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bir dəfə yumruqla baş nahiyəsinə, bir dəfə şillə ilə sol qulaq nahiyəsinə və iki  dəfə təpiklə sol ayağından vurub. 

Hadisəni törədən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Nərminə ilə 2 ilə yaxındır  boşanıblar: “Nərminədən boşansaq da, bizim əlaqəmiz  qaldı, eyni evdə yaşamışıq. Hadisədən əvvəl Nərminəyə zəng edərək harada olduğunu soruşdum. Bu zaman Nərminə isə məni qəbul edə bilmədiyi cavab verərək, telefonu söndürdü”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Nərminəyə zəng etsə də, onun zənginə cavab verməyib: “Bu səbəbdən Nərminənin işlədiyi uşaq baxçasına getmək qərarına gəldim. Həmin gün saat 12:20-də həmin baxçaya gedərək  orada Nərminə ilə rastlaşdım. Ondan nə üçün telefon zənglərinə cavab vermədiyini soruşdum. Cavab olaraq “yaxşı etdiyini” deyərək nalayiq ifadələr işlətdi. Bu zaman Nərminənin hərəkətinə əsəbləşdim, onu özümdən uzaqlaşdırmaq üçün itələdim. Bundan sonra həmin ərazidən uzaqlaşaraq getdim. Hadisə təxminən 4-5 dəqiqə davam etsə də, yanımızda kimsə olmayıb. Hadisə vaxtı Nərminəni məni təhqir etdiyi üçün onu sadəcə sinəsindən itələmişəm. Eyni zamanda Nərminənin əyninə geyindiyi şalvar xoşuma gəlmədiyi üçün şalvardan tutaraq irəli geri dartmışam. Mən Nərminəni vurmamışam, döyməmişəm, bədən xəsarəti yetirməmişəm”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nərminənin sözlərinə görə, İlqarla 2 il olar rəsmi qaydada boşanıb: “Buna baxmayaraq İlqar məni tez-tez narahat edib. Mənim küçədə, evimin yaxınlığında, iş yerimdə qarşımı  kəsərək narahat edib. Sonuncu dəfə hadisə günü saat 12:20-də işə gedərkən uşaq bağçasının yaxınlığında İlqar qarşımı kəsdi, telefon zənglərinə hansı səbəbdən cavab vermədiyimi irad bildirdi. Mənimlə mübahisə etməyə başladı, ünvanıma təhqiredici ifadələr səsləndirdi. Bundan sonra baş və bədənimin müxtəlif nahiyyələrinə yumruq, daha sonra isə təpiklə zərbələr endirdi, əynimdə olan şalvarı cırdı. Mən İlqarın əlindən güclə çıxaraq qaçdım. İlqar məni döyən zaman iş yoldaşım Aydan yaxınlıqdan hadisəni görüb. Lakin bizə yaxınlaşmadı”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlqar 5 ay müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 iyun 2025, 21:34
Top