Manatın ucuzlaşması ilə bağlı MÜHÜM AÇIQLAMA

İQTİSADİYYAT 28 may 2025, 10:06
Son zamanlar Azərbaycanın ticarət balansında idxal artır, ixrac isə azalır. Halbuki, buna qədər ixrac daha sürətlə artırdı. Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 917,6 milyon dollara bərabər olub. Bu da ötən ilin eyni dövrünə nisbətən çoxdur. Ötən ilin ilk dörd ayında bu rəqəm 13.6 milyard dollar olub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, son bir ildə ölkə üzrə ixrac 8 milyard 784.7 milyon dollar (7,5 faiz artım), idxal isə 8 milyard 132,9 milyon dollar (48,8 faiz artım) təşkil edib.

Yəni xarici ticarət dövriyyəsində cəmi 651,79 milyon dollarlıq müsbət saldo yaranıb. Lakin bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 4,1 dəfə azdır. Bu vəziyyət isə xarici valyutaya tələbatı artırır.

Manatı növbəti devalvasiya gözləyirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənovun fikrincə, ixracın azalıb, idxalın artması ilə müşayiət olunan vəziyyət yaxın müddətli dövr üçün manatın devalvasiyasına getməkdən yayınmağa imkan verəcək:

“Amma uzunmüddətli dövrdə devalvasiya qaçılmazdır. Manat üçün komfort dövrü artıq başa çatıb. İndiki halda ticarət saldosunun təhlilində diqqət edilməsi mühüm bir məqam var. İdxalı artıran ən mühüm faktor qeyri-monetar qızılın idxalı məsələsidir.

Ötən dövrdə bu məqsədlə 2,5 milyard dollar vəsait xərclənib. Bununla yanaşı, digər mal və xidmətlərin idxalında da artımlar müşahidə edilir. Əvəzində ixrac azalır. Bu isə tədiyyə balansının üzərində təzyiqləri artırır. Belədə bu mühitin özü məzənnə üzərində də bir təzyiq formalaşdırmaqdadır”.

Həmsöhbətimiz düşünür ki, manatın devalvasiyası bundan sonrakı dövrdə hadisələrin hansı istiqamətdə cərəyan edəcəyindən asılıdır:

“Bu zaman neftin qiymətilə bağlı narahatlıqlar önə çıxır. Çünki ölkə ixracatında əsas faktor məhz neftin qiyməti məsələsidir. Neftin qiyməti 65 dollar səviyyəsində davam edərsə, hökumət böyük ehtimalla devalvasiyadan yayınmağa çalışacaq. Bundan qaçmaq üçün müəyyən resurslar, ehtiyatlar da var.

Uzun.müddətli dövrdə isə təzyiqin qarşısını almaq iqtisadi baxımdan səmərəli olmayacaq. Onun yaradacağı uzunmüddətli fəsadların qarşısını almaq üçün manatın məzənnəsinin yumşaldılması qərarının qəbulu qaçılmaz olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top