Səudiyyə Ərəbistanı Krallığında Azərbaycan icması ilə görüş — FOTOLAR

SİYASƏT 24 may 2025, 13:20

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ərəb ölkələrindəki Azərbaycan icması ilə görüşüb.

Demokrat.az xəbər verir ki, görüş Azərbaycanın və Səudiyyə Ərəbistanı Kralığının Dövlət himnlərinin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb.

Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndiyini və icmamızın bu sahəyə töhfələr verdiyini diqqətə çatdırıb, soydaşlarımızın uğurlu inteqrasiyasını yüksək qiymətləndirib.

“Diaspor ölkələr, xalqlar arasında vacib bir körpü rolunu oynayır və onun fəaliyyəti hər bir müstəvidə vacibdir. Ərəb ölkələrindəki icmalarımız daha çox mədəni diplomatiya vasitəsilə öz yaşadıqları ölkələrdə, həmçinin qlobal miqyasda mədəniyyətimizi və dəyərlərimizi tanıdır. Bu fəaliyyətləri daim təqdir edirik” - bu fikirləri DİDK sədri Səudiyyə Ərəbistanı Krallığında Azərbaycan icması ilə görüşü zamanı səsləndirib.

Görüşdə komitənin və diasporun həyata keçirdiyi çoxyönlü layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, soydaşlarımız arasında böyük marağa səbəb olan Diaspor Gənclərinin Yay Düşərgələri haqqında ətraflı məlumat verilib.

Toplantıda Prezident İlham Əliyevin Qarabağda qazanılan qələbə ilə bağlı çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub.

İcma toplantısı fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə davam edib. Soydaşlarımız belə görüşlərin diaspor arasında həmrəylik ruhunun güclənməsi baxımından vacibliyini nəzərə çatdırıb, daha təsirli fəaliyyət imkanları ilə bağlı təkliflərini səsləndiriblər.

Daha sonra Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə koordinatoru Nuranə Hüseynovaya, Oman üzrə koordinatoru Səidə Xəlilovaya, Səudiyyə Ərəbistanı Krallığında yaşayan həkim-kardioloq Cəmilə Rəsulovaya təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib, Səudiyyə Ərəbistanı Krallığı üzrə yeni koordinatorlar seçilib.

Tədbir bədii hissə ilə davam edib. İcma üzvləri Azərbaycan musiqilərini, milli rəqslərimizi böyük coşqu ilə qarşılayıblar.

 









 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top