“Özlərini hamıdan ağıllı sayırlar” — Məleykə Abbaszadəyə SƏRT CAVAB

GÜNDƏM 24 may 2025, 13:48
“Bəzi insanlar var ki, onlara bir mövqe verilir, 100-cü sıradan gətirib 1-ci sıraya qoyurlar, Yusif Sərrac kimi xoşbəxtlik quşu çiyinlərinə qonan kimi özlərini idarə edə bilmirlər. Belə şəxslər çox görmüşəm. Özünü hamıdan ağıllı sayır. Sən nazirsənsə, o demək deyil ki, tabeçiliyində olan bütün insanlardan ağıllısan. O zaman ağıllı olarsan ki, sən hər kəsin alternativ fikrinə təmkinlə yanaşasan, dinləməyi bacarasan. Yuxarıda səni qoyublarsa o demək deyil ki, sən ağıllısan”.

Bunu Demokrat.az-a fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov  deyib.

O bildirib ki, DİM sədri Məleykə Abbaszadənin təhsil ekpsertləri ilə bağlı fikirlərinə çox təəssüf edib:

“Ümumiyyətlə, ekspertlərlə bağlı fikirlərlə bu cür gündəmə gələn Məleykə xanım deyil. Bundan öncə də bir çox məmurlar ekspertlərlə bağlı aşağılayıcı fikirlər səsləndiriblər. İstər Məleykə xanıma, istər ondan öncə bu cür fikirlər səsləndirən şəxslərin tutduğu postlara hörmət edirəm. Lakin tənqid olunanların imkanları olsa, bundan da artıq reaksiya göstərərlər. Az qalıb ki, ekspertlərdən təsdiqləyici sənəd tələb etsinlər.  Dünyanın heç bir yerində belə şey yoxdur.

Ekspert müvafiq sahə üzrə müəyyən təcrübəyə, mövqeyə malik, alternativ fikrini söyləməkdə sərbəst olan şəxsdir. Əgər ekspert nəyisə səhv deyirsə, ona da təmkinlə cavab vermək olar. Məleykə Abbaszadənin dediklərini özümə götürmürəm, düşünmürəm ki, məni nəzərdə tuturdu. Amma hər halda, düzgün yanaşma deyil.

Düşünürəm ki, o ittihamların mənə heç bir aidiyyəti yoxdur. Müvafiq təcrübəyə malikəm, tədqiqatlarım olub, indi də tədqiqatlarla məşğulam. Həmçinin, bəlli bir vətəndaş mövqeyim var”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top