
“Əvvəlcədən bişirilmiş yeməklər insan sağlamlığı üçün təhlükə yarada bilər. Əsas təhlükə onların tərkibindəki faydalı maddələrin zamanla itməsi ilə bağlıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə “My Food” xidmətinin nutrisioloqu Tatyana Meşçeryakova “İzvestiya”ya verdiyi açıqlamada bildirib.
Mütəxəssisin sözlərinə görə, yeməklərin dəfələrlə qızdırılması nəticəsində onların tərkibindəki vitamin və mikroelementlər itir və belə yeməklər “boş kalori”yə çevrilir.
Bu cür qidalar isə orqanizmə heç bir fayda vermir. Bundan əlavə, bəzi yeməklərin təkrar qızdırılması zərərli maddələrin ortaya çıxması ilə nəticələnir. Məsələn, bu, qızardılmış kartofda kanserogen birləşmələrin yaranmasına səbəb olur.
“Bundan başqa, çarpaz çirklənmə riski də mövcuddur. Müxtəlif yeməklərin birlikdə saxlanılması bir məhsuldakı bakteriyaların digərinə keçmə ehtimalını artırır. Hazır yeməklər düzgün şəraitdə saxlanılmadıqda, məsələn, salmonella və bağırsaq çöpləri kimi bakteriyaların inkişafı üçün əlverişli mühitə çevrilə bilər”, – deyə ekspert xəbərdarlıq edib.
Meşçeryakova qeyd edir ki, zahirən sağlam görünən məhsullar belə təhlükəli ola bilər. Çünki, yağlar hava ilə təmasda oksidləşir, təkrar qızdırma və soyutma dövrləri isə məhsulun strukturunu pozur, dad və qida dəyərini aşağı salır.
Nutrisioloqun diqqət çəkdiyi vacib qaydalardan biri də budur: bişmiş yeməklər maksimum iki saat ərzində soyudulmalı və soyuducuya yerləşdirilməlidir. İsti havalarda isə bu müddət bir saata endirilməlidir. Eyni zamanda, isti yeməkləri birbaşa soyuducuya qoymaq olmaz, çünki bu, bakteriyaların sürətlə artmasına səbəb olur.
Hazır yeməklərin soyuducuda saxlanma müddəti dörd gündən çox olmamalıdır.
Ət məhsulları və şorbalar yalnız 3-4 gün ərzində nisbətən təhlükəsiz qalır, digər yeməklər isə üç gündən artıq soyuducuda saxlanmamalıdır.
“Əlbəttə, əvvəlcədən yemək bişirmək zaman və enerji qənaətinə kömək edir, lakin sağlamlıq baxımından bu, faydalı sayılır. Ən yaxşısı gündəlik olaraq təzə və kiçik porsiyalarda yemək hazırlamaq və ya yeməkləri düzgün saxlamaqla qısa müddət ərzində istehlak etməkdir”, – deyə mütəxəssis əlavə edib.