
Finss.az - Qlobal dünyanın ən mühüm çağırışları qarşısında səssiz qalmamaq, sivil həmrəylik ruhunu gücləndirmək, yeni və ədalətli bir dünya nizamına doğru yol açmaq – bütün bunlar XXI əsrin vətəndaş cəmiyyətindən gözləntiləridir. Və bu gözləntilərin mərkəzində, dünya əhalisinin 80 faizini təmsil edən 116 ölkənin QHT nümayəndəsinin iştirak etdiyi Bakı şəhəri dayanır. Bu şəhər indi təkcə coğrafi yox, həm də ideoloji bir platformaya çevrilib – Qlobal Cənub QHT Platformasının beşiyi kimi.

2024-cü ilin noyabrında, COP29 çərçivəsində Azərbaycanın səsləndirdiyi təşəbbüs, qısa müddətdə beynəlxalq rezonans doğurdu. Azərbaycan Milli QHT Forumunun ideyası, QHT Koalisiyası tərəfindən rəsmi şəkildə gündəmə gətirildi və beləliklə, Qlobal Cənub QHT Platforması təsis olundu. Bu, Azərbaycanın ilk dəfə dünya miqyasında qeyri-hökumət sektorunda belə geniş miqyaslı dəstək qazandığı nüfuzlu bir təşəbbüs idi.
Bakıda keçirilən 'Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi' adlı Forumda qəbul olunan qərarlar, beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Bu, həm də sülhə, inkişaf və qlobal ədalətə doğru atılan konkret addım kimi dəyərləndirildi.
Braziliyalı professor Almir Lima Nascimento belə deyirdi: “Yeni Qlobal Cənub QHT Platforması regional və qlobal çətinlikləri təşəbbüslərlə həll etməyə yönələcək. Hazırda sosial və iqtisadi sahələrdə bir çox problemlərlə üz-üzəyik. Bu platforma, Qlobal Cənub çərçivəsində vahid cəbhə olaraq ədalətsizliyə, yoxsulluğa və iqlim dəyişikliyi kimi digər qlobal çağırışlara qarşı birgə mübarizəni vacib edir.”
Ekvadorun keçmiş xarici işlər naziri və UNITAR-in prezidenti Luis Gallegos isə əlavə etdi: “Dünya hər gün yeni çağırışlarla üzləşir və biz yeni pandemiyalara hazır olmalıyıq. Pandemiyalar istənilən dövlətə təsir edir və hər bir insan buna diqqət etməlidir. Qarşılaşdığımız problemləri dialoq yolu ilə həll etməyə çalışmalıyıq.”
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva isə fikrini belə ifadə etdi: “Əsas dəyişikliyin gücü bizim birləşmək qabiliyyətimizdədir. Müxtəlif sektorlar və sahələr arasında əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır.”
Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəallığı, xüsusilə də Qoşulmama Hərəkatına sədrliyi zamanı irəli sürdüyü humanitar ideyalar, COP29-da baş verən “Bakı dönüşü” ilə daha da gücləndi. Qlobal Cənub QHT Platformasının Bakıda təsis olunması Azərbaycanın təkcə coğrafi deyil, mənəvi və strateji baxımdan da qlobal vasitəçi olduğunu sübut etdi.
Bu platforma – yoxsulluğa, iqlim fəsadlarına, rəqəmsal uçuruma, ticarət bərabərsizliyinə və digər qlobal haqsızlıqlara qarşı Qlobal Cənub ölkələrinin birgə səsi və strategiyasıdır. Eyni zamanda, Cənub-Cənub əməkdaşlığının təşviqi baxımından mühüm bir tribuna rolunu oynayır.
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin QHT şöbəsindən Vuk Tszin-Çanq qeyd edir: “Bu təşəbbüs, Cənub ölkələrinin beynəlxalq səhnədə daha güclü və koordinasiyalı şəkildə çıxış etməsinə şərait yaradacaq.”
Qanalı nümayəndə Porşa Adu-Mensa isə deyir: “Yeni təşəbbüs çərçivəsində Qlobal Cənub QHT-lərinə dəstək son dərəcə vacibdir. Bir çox cəmiyyətlər marginallaşdırılmış və həssas olaraq qalır. İndiyə qədər isə kifayət qədər insan hüquqları müdafiəçilərimiz olmayıb.”
Bütün bunlar göstərir ki, Bakı təkcə bir paytaxt deyil – artıq ideyaların, sivil həmrəyliyin və ədalətli dünya düzəninin mərkəzinə çevrilir. Azərbaycanın təşəbbüsü ilə reallaşan Qlobal Cənub QHT Platforması isə bu prosesin ideoloji sütunu, sivil davamıdır.
Emil Seyidəliyev
Qeyri-hökumət təşkilatı üzrə ekspert