Fransanın kanaklara qarşı zorakılığı: Məhbuslar zorla deportasiya edilir, beynəlxalq hüquq pozulur — HESABAT (FOTOLAR)

TƏHLİL 21 may 2025, 18:36

Yeni Kaledoniyanın müstəqillik hərəkatına qarşı çıxan Fransa bu istiqamətdə repressiv addımlarını davam etdirir. Bu ilin may ayında Yeni Kaledoniyanın “Kanaki ilə Həmrəylik Kollektivi” (fr. Collectif Solidarité Kanaky) Fransaya zorla deportasiya edilmiş Kanak siyasi və digər məhbuslarının vəziyyəti ilə əlaqədar hesabat dərc edib. “Kanaki ilə Həmrəylik Kollektivi” (KHK) hesabatı ötən ilin iyun ayından bu ilin may ayına qədər dövrü əhatə edir - siyasi və digər məhbusların qeydiyyatını aparmaq, vəziyyətini izləmək, onlara və onların ailə üzvlərinə müvafiq yardımı göstərilməsi sənəddə öz əksini tapıb.

Hesabat Fransanın insan hüquq və azadlıqlarına qarşı repressiv münasibətindən bəhs edilib. Bəlli olduğu kimi, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sədri Kristian Tein daxil, Yerlərdə fəaliyyətin koordinasiyası Bölməsinin (CCAT) 7 üzvü 2024-cü il 22 iyunda Fransaya deportasiya olunublar. Kanakinin “Camp Est” həbsxanasında saxlanılan məhbuslar da Fransaya deportasiya olunub.

Sənəddə bununla yanaşı, yerli Kanak xalqına qarşı bütün sahələrdə irqçilikdən tutmuş sosial bərabərsizlik siyasəti aparılır. Məsələn, Kanakidə sistemləşdirilmiş irqçilik nəinki məktəblərdə, iş yerlərində (o cümlədən vəzifəyə təyinat zamanı), sosial yardımların alınmasında və nəqliyyatda öz əksini tapır, o, eyni zamanda həbsxanalarda da geniş şəkildə tətbiq edilir. Belə ki, Kanakidə həbsxanada saxlanılan şəxslərin 90%-i yerli Kanaklardır, yerdə qalan 10% isə Okeaniya adalarından olan şəxslərdir.

Hesabatda qeyd olunur ki, Yeni Kaledoniyada müstəmləkəçiliyin ilk illərində katorqa kimi fəaliyyət göstərmiş, daha sonra isə həbsxanaya çevrilmiş “Camp Est”də saxlanma şəraiti dözülməzdir. 2024-cü ilin may ayında məhbusların sayı “Camp Est”in qəbul etmə potensialından 150% çox idi. 2 nəfər üçün nəzərdə tutulan otaqlarda bir çox hallarda 5 nəfər qalır, 180-nə yaxın şəxs otaqlarda yerdə heç bir şərait olmadan qərarlaşıb.



Ötən ilin may ayında Kanakidə baş vermiş iğtişaşlardan sonra vəziyyət daha pisləşib və məhbuslara qarşı repressiyalar çoxalıb - məhbusların qidalanmasına məhdudiyyətlər tətbiq olunmağa başlanıb, penitensiar xidmətinin əməkdaşları tərəfindən fiziki zorakılıq tətbiq edilir, işgəncələr törədilir və s. Zorakı aktlar nəticəsində bir nəfər vəfat edib. Qeyd olunmalıdır ki, hələ 2019-cu ildə Fransanın Azadlığı məhdudlaşdıran məkanlar üzrə baş nəzarətçisi “Camp Est”-in təcili qaydada yenilənməsinə dair tövsiyə verib. 2020-ci ildə Fransanın İnzibati Məhkəməsi və Dövlət Şurası “Camp Est”də saxlanma şərtlərini pisləşdirib. 2024-cü ilin oktyabrında isə Noumea İnzibati Məhkəməsi müvafiq yenilənmə işlərini aparmamasına görə Fransa dövlətinə qarşı qərar qəbul edib.

Fransa dövləti 2024-cü ilin may ayında Kanakidə baş vermiş iğtişaşlardan sonra qeyri-şəffaf şəkildə müstəqillik uğurunda mübarizə aparan 7 şəxsi, habelə 69 Kanak məhbusunu Fransaya deportasiya edib. Həmin deportasiya zamanları fransız rəsmi orqanları tərəfindən məhbusların ailələrinə və onları müdafiə edən vəkillərə heç bir məlumat verilməyib. Hətta uzun müddət Fransa tərəfi deportasiya edilmiş şəxslərin siyahısını belə təqdim etməyə imtina edirdi.





Deportasiya mənəvi və fiziki zorakılıqla müşayiət olunub. Belə ki, deportasiyaya “könüllü razılıq” sənədinə imza atmayan məhbuslar təhdid edilib, onlara güclü sakitləşdirici dərmanlar vurulub. Lakin hətta “razılıq” sənədindən imtina belə onları xilas etməyib, məhbuslar hər bir halda Fransaya deportasiya ediliblər. 20 saatdan çox davam edən hava vasitəsilə deportasiya zamanı məhbuslara hətta sanitar qovşağından istifadə etməyə icazə verilməyib. Kanak məhbuslarının Kanakidən Fransaya deportasiya edilməsi yeni bir məsələ deyil və hər il tətbiq edilmələri xüsusi vurğulanmalıdır. Kanak məhbuslarının deportasiyaları həm onların özlərinə, həm onların ailə üzvlərində ciddi psixoloji, fiziki, sosial, inzibati və maliyyə problemləri yaradır. Belə ki, aylarla öz yaxınları ilə ünsiyyət qura bilməyə bir çox məhbuslarda psixoloji problemlər müşahidə olunur. Bu problemləri mürəkkəbləşdirən amillərdən biri də “Camp Est” yaşanmış zorakılıqdır.

Psixoloji problemlərlə yanaşı bir çox məhbuslar bəsit əşyaların (məsələn, döşək) olmaması, qida almaq üçün pulun olmaması səbəbindən fiziki sağlamlıqlarında da ciddi problemlərlə üzləşirlər.

Hesabatda həmçinin qeyd olunur ki, Fransa tərəfi Kanak məhbuslarını zorla deportasiya edərək, beynəlxalq hüququ pozur. Belə ki, beynəlxalq hüquqa görə Kanaki Fransanın ərazisi deyil və dekolonizasiya edilməli olan ərazilər siyahısındadır. Beləliklə, Fransa Kanakları deportasiya edəndə faktiki olaraq onları öz ölkələrindən – yani Kanakidən xarici ölkə olan Fransaya deportasiya edir.

Göründüyü kimi, baş verənlər Fransanın Yeni Kaledoniyadakı hadisələrə necə həssas və qorxu ilə yanaşdığının göstəricisidir. Məsələ ondadır ki, Fransa hər vəchlə keçmiş müstəmləkələrində nəyin bahasına olursa-olsun qalmağa çalışır.

Xatırladaq ki, ötən ilin may ayında Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etirazlarda çoxsaylı qətllər törədilib, 200 nəfərdən çox şəxs saxlanılıb. Fransanın bu Sakit Okeandakı dənizaşırı ərazisində baş verən iğtişaşlar nəticəsində dəymiş ziyan ilkin olaraq 150 milyon avro qiymətləndirilib. Fransa Sahibkarlar Hərəkatının (MEDEF) regional bölməsinin rəhbəri Mimsi Dali bildirmişdi ki, iğtişaşlar region iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər. İş o yerə çatmışdı ki, Fransa hakimiyyəti davam edən etirazlar səbəbindən dəniz limanlarını və aeroportları qorumaq adı altında Yeni Kaledoniyaya ordu yeritməyə məcbur olmuşdu. Rəsmi Parisin qorxu və həyəcanı o həddə çatmışdı ki, Yeni Kaledoniyada “TikTok” sosial şəbəkəsinin fəaliyyətini dayandırmağa məcbur olmuşdu. Bu da növbəti narazılığa gətirib çıxarmışdı.





















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 21:57
Top